Avstriyalı iş adamı, “Porsche” avtomobil şirkətinin qurucusu Ferdinand Porschenin nəvəsi və Ferry Porschenin oğlu Gerhard Porsche 88 yaşında vəfat edib. O, oktyabrın 30-da ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kronen Zeitung” nəşri məlumat yayıb.
Gerhard Porsche məşhur sahibkar ailəsinin üçüncü nəslinin nümayəndəsi olub. Qardaşı Volfqanq Porschedən fərqli olaraq, o, nadir hallarda ictimaiyyət qarşısına çıxıb. İş adamı Avstriyanın Karintiya federal əyalətində yerləşən Sankt-Salvator qəsəbəsinin inkişafına sərmayə yatırıb.
Onun layihələrindən biri 2010-cu ildə açılan avtomobil muzeyi olub. Muzeydə “Porsche”, “Rolls-Royce” və “Bentley” markalarının nadir modelləri, yarış avtomobilləri, traktorlar, motosikletlər və motorollerlər nümayiş etdirilib.
Gerhard Porsche, həmçinin köhnə mehmanxananın hotelə çevrilməsinə və seminar mərkəzinin yaradılmasına maliyyə vəsaiti ayırıb.
Onun ölüm səbəbi açıqlanmayıb. Vida mərasiminin noyabrın 17-də Avstriyanın Talgau şəhərində keçirilməsi planlaşdırılır.
Bizim.Media


































































































