ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, Ukraynanın "SpaceX" şirkəti tərəfindən hazırlanmış "Starshield" hərbi peyk rabitəsi sisteminə hazırda çıxışı yoxdur.
Bizim.Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında və C-SPAN efirində yayımlanan bəyanatda Vaşinqtonun Kiyevlə bu sistemə olası çıxışın təmin edilməsini müzakirə etdiyi bildirilir.
Marko Rubio mülki "Starlink" ilə hərbi təyinatlı "Starshield" sistemlərinin fərqli olduğunu vurğulayıb. O bildirib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün "Starshield"ə çıxış xahiş edib və hazırda tərəflər bu sistemin necə istifadə olunacağını müzakirə edirlər.
Dövlət katibi Ağ Evin "Starlink" internetinin sürətini qəsdən məhdudlaşdırması barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, mülki peyk sisteminin fəaliyyəti artıq bərpa olunub.
Qeyd edək ki, "Starlink" terminallarının yüksək sürətlə hərəkət zamanı işində yaranan kəsilmələrdən sonra Ukrayna tərəfi "SpaceX" və Pentaqonla danışıqlara başlamışdı.
Reuters məhdudiyyət əmrinin Ağ Evdən gəldiyini yazsa da, Donald Tramp bu addımla əlaqəsinin olmadığını bildirib.
Bizim.Media





























































































