Zamanın təsvir olunma forması onun subyektiv uzunluğuna, motivasiyaya və qərarların qəbuluna birbaşa təsir göstərir.
Bizim.Media xəbər verir ki, Britaniya Kolumbiyası Universitetinin Sauder Biznes Məktəbinin dosenti Dipak Sirvaninin “Journal of Marketing Research” jurnalında dərc olunmuş araşdırması bu psixoloji amili ortaya çıxarıb.
Araşdırma göstərir ki, zaman intervalı eyni vaxtda həm böyük, həm də kiçik vahidlərlə (məsələn, "2 saat 55 dəqiqə") təsvir edildikdə, insana tam yuvarlaqlaşdırılmış müddətdən ("3 saat") daha uzun görünür.
Eksperimentlərdə məşq müddəti saat və dəqiqələrlə qeyd olunduqda iştirakçılar tapşırığı daha ağır qiymətləndirərək daha az iddialı hədəflər seçiblər. Həmçinin gözləmə vaxtı dəqiq saatla qeyd edildikdə, gözləmə prosesi psixoloji olaraq daha uzun qavranılıb.
Yararlılıq müddəti bitmiş dərman və ya məhsulların üzərində dəqiq gün göstərildikdə (məsələn, 30 sentyabr 2026-cı il), istehlakçılar məhsulun effektini daha tez itirdiyini düşünüblər.
Alim bildirir ki, hədəfi daha əlçatan göstərmək və fəaliyyətə təşviq etmək üçün yuvarlaq rəqəmlərdən, görülən işin həcmini və dəyərini vurğulamaq üçün isə detallı zaman vahidlərindən istifadə etmək daha məqsədəuyğundur.
Bizim.Media






























































































