“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro sərmayə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə "SIC Noticias" məlumat yayıb.
41 yaşlı portuqaliyalı futbolçunun layihədəki tərəfdaşı “Grupo Outeirinho” şirkətidir. Şirkət də layihəyə eyni məbləğdə vəsait yatırıb. Beləliklə, layihəyə ümumilikdə 20 milyon avro sərmayə qoyulacaq. Ronaldonun biznesdəki payı 50 faiz olacaq.
Hazırda Portuqaliyanın Braqansa bələdiyyəsinin Qoştey yaşayış məntəqəsində su qablaşdırma zavodunun tikintisi aparılır. Tikintinin başa çatdırılması, həmçinin Portuqaliyada və xarici ölkələrdə satışlara 2027-ci ilin sonunadək başlanması planlaşdırılır. Brendin hazırlanması ilə İtaliyanın dizayn şirkəti məşğul olur.
“Grupo Outeirinho”nun məlumatına görə, layihə çərçivəsində bir neçə onlarla yeni iş yerinin yaradılması nəzərdə tutulur. Şirkət Portuqaliya su bazarının 45 faizinə nəzarət etdiyini də bildirir.
Qeyd edək ki, Ronaldo daha əvvəl mineral su istehsal edən “Ursu9” brendinin ortaq sahibi olub. Brend 2023-cü ilin iyununda Madriddə təqdim edilib.
Bizim.Media
































































































