27 fevral 1939-cu il, səhər saat 06:15-də proletariatın rəhbəri Vladimir Leninin həyat yoldaşı Nadejda Krupskaya Kreml xəstəxanasında vəfat etdi.
O, 70 yaşında idi və yubileyini bir gün əvvəl qeyd etmişdi.
Krupskayanın yubileyinin səhərisi günü vəfat etməsi olduqca müəmmalı ölüm hesab edilir.
Rəsmi sənədlərdə onun ölüm səbəbi bağırsaqda qan laxtalanması səbəbindən inkişaf edən peritoneal iltihab kimi göstərilib. Lakin Leninin dul arvadının ölümünün səbəbləri tarixçilər arasında hələ də suallar doğurur.
Stalindən gələn tort
24 fevralda qonaqlar Krupskayanı təbrik etmək üçün Moskva yaxınlığındakı Arxangelskoyedə toplaşmışdılar.
Şahid ifadələrinə görə, şirniyyatlar arasında Stalinin şəxsən göndərdiyi tort da var idi.
Bu fakt zəhərlənmə nəzəriyyəsinə əsas verir. Amma Leninin qardaşı Dmitri Ulyanov daxil olmaqla digər qonaqlar da tortu yemişdilər. Lakin onlardan heç biri xəstəlikdən şikayətlənməmişdi.
Amma necə oldusa ziyafətdən qısa müddət sonra Krupskaya xəstələndi. Şənlikdə iştirak edən yaxın dostu Vera Dridzo xatırlayırdı:
"Vəziyyət ciddiləşdi və o, dərhal xəstəxanaya aparıldı."
Onu ilk müayinə edən həkim Kogan mədəsinin üstünə isti su şüşəsi qoymağı tövsiyə etdi.
Müasir mütəxəssislərin fikrincə, xəstədə peritonit və ya appendisit varsa, bu ölümcül bir səhv idi.
Bəlkə də buna görə onun vəziyyəti sürətlə pisləşdi və cəmi bir gün sonra həyatını itirdi.
Amma Krupskayanın ölümündən bir neçə gün əvvəl qəribə hadisə baş vermişdi. Boris Sokolov "Armand və Krupskaya: Liderin Qadınları" kitabında yazır ki, Vera Dridzo ona Ümumittifaq Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin və Xalq Komissarları Şurasının “Pravda”da dərc olunmuş təbrik teleqramını oxuyur və qarşıdan gələn partiya qurultayı barədə məlumat verir.
Krupskaya onu dinlədikdən sonra heyrətlə "Ölkədə nə baş verir!" deyə qışqırır. Dridzoya söylədiyi bu sözlər Krupskayanın son sözləri olur.
Daha sonra Nadejda Konstantinovna huşunu itirir və bir də heç vaxt özünə gəlməyir.
Müəmmalı ölüm
Nəzər alaq ki, artıq 1930-cu illərdə Krupskaya bütün siyasi proseslərdən kənarlaşdırılmışdı. Stalin onu yalnız Leninin xatirəsinə həsr olunan tədbirlərə dəvət etdirirdi. Ona görə də Krupskayanın günü Movzeleydə, ərinin sarkofaqının yanında keçirdi.
Hətta Krupskayanın yazışmalarına da güclü və gizli nəzarət var idi. Bəzi tarixçilərə görə, ölümü ərəfəsində Krupskaya qarşıdan gələn XVIII Partiya Qurultayı üçün bir çıxış hazırlayırdı. Bəziləri onun çıxışında əsas tənqid hədəfinin Stalin olacağını söyləyirdilər.
Bu ehtimalı aradan qaldırmaq üçün Stalin Krupskayanı “əbədi ezamiyyət”ə göndərdiyi deyilir.
Ona görə də yaşlı və xəstə qadının sonuncu - "Ölkədə nə baş verir" hayqırtısı bütün ömrünü xəyal etdiyi bir dövlətin quruculuğuna həsr edən yaşlı və köhnə bir bolşevikin ümidsiz çırpıntısı kimi qəbul edilir.
Surxay Atakişiyev, Bizim.Media
































































































