İlham Əliyev Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasındakı rolundan DANIŞDI

Hazırda oxunan: İlham Əliyev Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasındakı rolundan DANIŞDI

632649

“Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.

“Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib – Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş istehsalına investisiya qoyuluşu və ilk iri sənaye müəssisəsinin yaradılması da yenə Özbəkistanla bağlıdır. Qarabağ regionunda və Azərbaycanın bir çox digər bölgələrində əməkdaşlığın davam etdirilməsi ilə bağlı gələcək planlarımız da var.
 

Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin açılışı və ya təməlinin qoyulması ilə bağlı keçirilən tədbirlər zamanı, mənim hesablamama görə, onların sayı 10-a yaxın və ya daha çox idi, burada yalnız Bakı və Daşkənddə deyil, digər regionlarda da həyata keçirilən layihələr təqdim olundu. Əlbəttə, əsas diqqət Bakı və Daşkəndə yönəlib, lakin digər bölgələr də əməkdaşlığımızın əhatə dairəsinə daxildir.


Dünən keçirilən regionlararası əməkdaşlıq forumu da böyük praktiki maraq doğurdu. Yəni biz səylərimizi birləşdirir, sinerji yaradırıq – indi belə deməyi sevirlər.

İrəliləmək üçün kifayət qədər aydın fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Bura artıq üçdə biri layihələrlə təmin edilmiş investisiya fondunu, turizm infrastrukturuna yönəldilən layihələri də əlavə etsək, söhbət artıq milyardlarla dollar həcmində investisiyalardan gedir.

İnvestisiyalar, bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə isə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin mövcud olduğu dövlətlərə yatırılır.

Yenə də çıxışımın əvvəlində dediyim məsələyə qayıtmaq istəyirəm. Şavkat Mirziyoyevin böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, həyata keçirdiyi islahatlar, göstərdiyi əzmkarlıq və müdriklik sayəsində məhz belə bir investisiya mühiti yaradıb. Hazırda həm beynəlxalq maliyyə institutları, həm də qlobal beynəlxalq aktorlar Özbəkistana uğurlu inkişaf mərhələsində olan dövlət kimi yanaşırlar.

Biz sizin dostlarınız və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinirik və əminik ki, müəyyən etdiyiniz bütün planlar həyata keçiriləcək. Biz də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün sizinlə birlikdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin