Türkiyənin Adana vilayətində "Alparslan Kuytul Cinayət Təşkilatı"na qarşı keçirilən əməliyyat çərçivəsində saxlanıldıqdan sonra hakim qarşısına çıxarılan Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs ediliblər.
Bizim.Media bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Avqustun 19-da Adana Respublika Baş Prokurorluğu və Vilayət Təhlükəsizlik İdarəsinin birgə apardığı təhqiqat çərçivəsində polis qüvvələri altı vilayətdə qruplaşmanın rəhbəri Alparslan Kuytul və çoxlu sayda şəxsin mənzilində eyni vaxtda əməliyyat keçiriblər.
Mənzillərdə aparılan axtarışlardan sonra Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla, 56 nəfər "cinayətkar təşkilat qurma və idarə etmə, təşkilata üzv olma", "çirkli pulların yuyulması", "fırıldaqçılıq", "rəsmi sənədlərdə saxtakarlıq" və "Vergi Məcəlləsinin tələblərini pozma" ittihamları ilə saxlanılıb.
Şübhəlilər polis idarəsindəki prosedurlardan sonra hakim qarşısına çıxarılıblar. Prokurorluq tərəfindən onlardan 44-ü barəsində həbs, doqquzu barəsində isə məhkəmə nəzarəti tələb olunub. Hakim qarşısına çıxarılan şübhəlilərdən Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbsxanaya göndəriliblər. Digər şübhəli şəxslərlə bağlı məhkəmə prosesi davam edir.
Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır.
Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və İslam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub.
Bizim.Media





































































































