ABŞ Senatında təmsil olunan Respublikaçılar və Demokratlar partiyasının nümayəndələri Rusiyaya, həmçinin onun tərəfdaşlarına qarşı yeni və daha sərt sanksiyalar paketini qəbul etmək üçün güclərini birləşdirməyə hazırlaşırlar.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Senatdakı demokratlar respublikaçı senator Lindsi Qremin (Lindsey Graham) müəllifi olduğu qanun layihəsini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
"Demokratlar respublikaçı həmkarlarına gələn həftə antirusiya sanksiyaları paketinin lehinə səs verməyə hazır olduqlarını bəyan ediblər. Bu paketə Prezident Trampın son anda irəli sürdüyü İranın da sanksiya siyahısına salınması tələbi daxildir", – deyə məqalədə qeyd olunur.
Qeyd edək ki, qanun layihəsi Rusiyadan ABŞ-yə birbaşa idxal olunan bütün mallara 500%-ə qədər gömrük rüsumunun tətbiqini nəzərdə tutur. Bundan əlavə, sənəd ABŞ Prezidentinə Rusiya neft və qazının ən böyük alıcısı olan beş ölkədən, eləcə də "sanksiyalardan yayınmağa şərait yaradan" dövlətlərdən gələn mallara 100%-ə qədər rüsum tətbiq etmək səlahiyyəti verir.
Bizim.Media




























































































