Ukrayna lideri Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ərazisindəki obyektlərə zərbələrin tənzimlənməsinə (korreksiya edilməsinə) kömək etdiyi iddia olunan hərbi texnikanı Ukrayna sərhədindən geri çəkməsi üçün bir həftə vaxt verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Obşestvennoye" nəşri özünün "Telegram" kanalında məlumat yayıb.
"Əgər Minsk həmin texnikanı geri çəkməsə, bunu biz edəcəyik", - Zelenski bəyan edib.
Bundan əlavə, Ukrayna prezidenti Lukaşenkonun üzrxahlığına da münasibət bildirərək qeyd edib ki, "heç kim sadəcə sözlərə görə incimir".
“Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətə nəzarət etmədiyi, bütün qərarların Rusiya tərəfindən qəbul edildiyi barədə açıqlamalarına inanmır.
Zelenski hesab edir ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışacaq, lakin Ukrayna buna cavab verəcək.
Bizim.Media































































































