Ən çox müraciət edilən özünüməşğulluq sahələri “Maldarlıq”, “Qoyunçuluq təsərrüfatı”, “Kiçik dərzi sexi”, “Un məmulatları istehsalı”, “Qadın gözəllik salonu” zərfləridir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən əsas aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır.
“Proqram çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, təcrübəsi, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir.
Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilərlər.
Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq), istehsal və xidmət istiqamətləri üzrə natura şəklində aktivlər təqdim edilir və proses bütün ölkəni əhatə edir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, zərflər barədə ətraflı məlumatla tanış olmaq üçün Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan və bu keçiddən ( //dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq ) istifadə etmək mümkündür.
Günay Şahmar, Bizim.Media
































































































