Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Hazırda oxunan: Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

639356

Son günlər Türkiyə sosial mediasında Azərbaycanın İsraillə iqtisadi və siyasi əlaqələri üzərindən böyük qarayaxma kampaniyası aparılır. Lakin bu kampaniyanı aparanlar önəmli bir məsələni nədənsə “unudurlar”. Söhbət Türkiyə-İsrail iqtisadi əlaqələrindən gedir.

Hər nə qədər Türkiyə rəsmi olaraq 2024-cü ilin mayında İsraillə ticarət əlaqələrini dayandırdığını iddia etsə də, faktlar tam əksini göstərir.

İsraildə piştaxtaları bəzəyən Türkiyə məhsulları

Bizim.Media-nın araşdırmasına görə, hazırda İsraildə mağazalarda Türkiyə məhsullarının açıq şəkildə satışı davam edir.

İsrailə məhsul ixrac edən Türkiyə şirkətlərindən biri “Paşabahçe”dir. “Paşabahçe” dünyada şüşə qablar və ev əşyaları istehsalı üzrə aparıcı brendlərdən biridir. İstehsalat fəaliyyətinə Türkiyənin ilk şüşə fabriki kimi başlayan şirkət, hazırda “Şişecam Group”un tərkibində fəaliyyət göstərir.

40 ildir davam edən əməkdaşlıq

Belə ki, İsraildə uzun illərdir fəaliyyət göstərən Türkiyə şirkətlərindən biri “Yılmazlar Construction Group”dur.

Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var.

Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib.

Türkiyə-İsrail ticari əlaqələrinin həcmi

Bununla yanaşı, Türkiyə ilə İsrail arasında illər ərzində böyük ticarət əlaqələri formalaşıb. Türkiyə Ticarət Nazirliyinin rəsmi məlumatına görə, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar olub.

2024-cü ildə Türkiyə tərəfi İsraillə ticarətə qadağa qoyduğunu elan etsə də, iqtisadi əlaqələr davam edib.

Belə ki, ötən il dünyaca nüfuzlu “Əl-Cəzirə” nəşrində 2024-cü il üzrə İsrailin xarici ticarət əlaqələrinə dair araşdırma məqaləsi dərc olunub. Sözügedən məqalədə İsrailin ən çox məhsul ixrac və idxal etdiyi ölkələrin siyahısı yer alıb. Həmin siyahıya əsasən, Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb. Statistikaya görə, 2024-cü ildə Türkiyədən İsrailə 2,868 milyard dollarlıq məhsul ixrac olunub. Müqayisə üçün bildirək ki, Azərbaycan həmin siyahıda ilk 15-likdə belə yoxdur.

Azərbaycanı hədəf alanların susduğu həqiqət

Göründüyü kimi, Türkiyənin İsraillə ticarət əlaqələri ilə bağlı faktlar yetərincədir. Amma Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən, bunu bəhanə gətirib, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar sözügedən faktlara səslərini belə çıxarmırlar. Bəli, Azərbaycanın İsraillə ticarət əlaqələri var və rəsmi Bakı bunu gizlətmir. Amma rəsmi Ankara üzdə ticarət əlaqələrini dayandırdığını elan etsə də, əslində Türkiyə şirkətləri İsraillə əməkdaşlığa davam edir.

Əgər bu gün Azərbaycanı hədəf alanlar həqiqətən də, Qəzza məsələsinə belə can yandırırlarsa, Türkiyə şirkətlərinin İsraildəki fəaliyyətini də işıqlandırmalı, tənqid etməlidirlər. Ancaq onlar susmağı seçirlər.

Bütün faktların gözardı edilməsi Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların ikiüzlülüyünü, eyni zamanda vahid mərkəzdən idarə olunduqlarını bir daha sübut edir. 

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin