HBO (Home Box Office -ABŞ-ın məşhur televiziya və striminq brendi) “Harri Potter” serialının ikinci mövsümünü rəsmən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, striminq platforması birinci mövsüm hələ yayımlanmadan layihənin davamına “yaşıl işıq” yandırıb.
Məlumata görə, qərar “Harri Potter və Fəlsəfə Daşı” adlı debüt mövsümünün premyerasından təxminən yeddi ay əvvəl qəbul olunub.
İkinci mövsümün çəkilişlərinə bu ilin payızında başlanılması planlaşdırılır.
Hələlik ikinci mövsümün rəsmi adı açıqlanmayıb. Lakin layihənin yaradıcıları daha əvvəl bildirmişdilər ki, serial C.K.Roulinqin kitablarının strukturuna uyğun hazırlanacaq və hər mövsüm bir kitaba həsr olunacaq.
Bu səbəbdən ikinci mövsümün böyük ehtimalla “Harri Potter və Sirlər otağı” romanı əsasında çəkiləcəyi gözlənilir.
Qeyd olunur ki, seriyanın ikinci kitabı fanatlar arasında ən çox müzakirə olunan hissələrdən biridir. Bəzi oxucular onu orijinal silsilənin ən zəif kitabı hesab edirlər.
Bununla belə, serialın yaradıcıları ilkin materialı genişləndirməyi, yeni detallar və fərqli interpretasiyalar əlavə etməyi planlaşdırırlar.
Layihə üçün əsas çətinliklərdən biri də aktyorların yaşı ilə bağlıdır. Çəkiliş prosesi illərlə davam edəcəyi üçün gənc aktyorların obrazlarını “ötüb keçməməsi” vacib sayılır.
Bizim.Media



































































































