Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stress keçirdim"

Hazırda oxunan: Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stress keçirdim"

645763

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindirilib.

Bizim.Media xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.

Onun sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib.

Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib. Kamilə Əliyeva bildirib ki, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib.

Bu zaman atası ona Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq təqdim edib:

“Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm. Yazının xəttindən onun atama məxsus olduğunu anladım. Həmin yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer almışdı. Yazını oxuyarkən güclü stress keçirdiyimdən sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu”.

Şahidin ifadəsinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Lakin Ramiz Mehdiyev artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib.

Kamilə Əliyeva atasından yazının çap olunub-olunmayacağını da soruşduğunu, lakin bu suala cavab almadığını bildirib:

”Bundan sonra atam vərəqi onun əlimdən alıb. Hadisədən sonra atam iki gün mənimlə danışmayıb”.

O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib.

Kamilə Əliyeva ifadəsində məlum yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatının olmadığını da bildirib. (Gununsesi.info)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin