Siyasi mübarizənin də bir əxlaqı var. Yəni ki, siyasi mübarizədə milli və dövlət maraqları bütün maraqlardan öndə dayanmalıdır.
Çox təəssüf ki, özünü müxalifət adlandıran bəzi qüvvələr şəxsi maraqları və mənafeləri üçün yenə də milli maraqları ayaqlar altına atır.
Söhbət Kərimli ailəsindən və onların anti-milli, anti-Azərbaycan fəaliyyətindən gedir.
Məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ötən il saxlanılıb. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub.
Hazırda istintaq davam etdiyi üçün ittiham aktı barədə danışmayacağıq.
Amma Kərimli ailəsi və Əli Kərimlinin yaxın “silahdaşları” bu ağır cinayəti özlərinin növbəti manipulyasiya alətinə çevirmək istəyirlər.
Məlumat üçün qeyd edək ki, Əli Kərimlinin ailəsi Londonda yaşayır. Lakin Vətəni qoyub, Avropada “cənnət” axtaran Kərimli ailəsi orada da sakit dayanmır, daha çox sərvət, daha çox böhtan eşqi ilə yeni şər kampaniyasına start veriblər.
Təbii ki, istər Avropada, istərsə də ABŞ-da Azərbaycana qarşı ən maraqlı qüvvə ermənilər və onların havadarlarıdır.
Təsadüfi deyil ki, Kərimli ailəsi də bu faktordan yararlanaraq onlarla izdivaca başlayıblar.
Belə ki, Əli Kərimlinin qızı Səzən Kərimli bu yaxınlarda britaniyalı yazıçı, daim ermənipərəst mövqeyi ilə yadda qalan Benedikt Rocerslə görüşüb. Bağlı qapılar arxasında keçirilən görüşdən ötürülən informasiya da bu olub ki, ermənipərəst qüvvəllərlə Kərimli ailəsi növbəti anti-Azərbaycan kampaniyasına start versinlər.
Səzən Kərimlinin qucaq açdığı Benedikt Rocers kimdir?
Benedikt Rocers Britaniyalı yazıçı və insan hüquqları müdafiəçisidir. Amma onun adı daha çox siyasi sifarişlərdə hallanıb. Daha konkret desək Benedikt Rocers erməni diasporunun “xaç ataları”ndan biridir.
Belə ki, o son 30 ildə Ermənistanın mövqeyini aktiv şəkildə dəstəkləyib və Azərbaycanın suverenliyinə qarşı çıxış edib.
Benedikt Rocers 1990-cı illərdə, xüsusən də Britaniya Lordlar Palatasının üzvü, qatı ermənipərəst Baronessa Karolin Koksun rəhbərlik etdiyi nümayəndə heyətlərinin tərkibində Azərbaycanın rəsmi icazəsi olmadan Qarabağ ərazisinə qanunsuz səfərlər eərək, ermənilərə maddi, mənəvi və siyasi dəstək verib.
O, öz məqalələrində, hesabatlarında və çıxışlarında Qarabağı həyasızcasına "qədim erməni torpağı" və "erməni anklavı" kimi təqdim edib. Bu azmış kimi Ermənistan-Azərbaycan münaqişəsinə xristian-müsəlman kontekstində yanaşaraq dini amillərdən Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışıb.
Bundan başqa Rocers beynəlxalq platformalarda mütəmadi olaraq Azərbaycanı hərbi təcavüzdə ittiham edən, Ermənistanın və keçmiş separatçı rejimin fəaliyyətlərinə bəraət qazandıran birtərəfli bəyanatlarla çıxış edir.
Bir sözlə Rocers bütün fıaliyyəti boyu beynəlxalq hüququn prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik edərək, qatı ermənipərəst kimi tanınıb.
Belə birisi ilə Sezən Kərimlinin görüşməsi təbii ki, çox iyrənc niyyətlərdən xəbər verir.
Əli Kərimlinin ABŞ-da yaşayan oğlu da ermənipərəstlərlə işbirliyindədir.
Belə ki, Əli Kərimlinin oğlu Türkel Kərimli son vaxtlar okeanın o tayında xeyli fəallaşıb. O da bacısı kimi siyasi oriyentasiyasını ermənipərəst qüvvələr üzərində qurub.
Bu yaxınlarda o ABŞ senatoru Piter Velçlə görüşüb. Görüş zamanı o senatordan atasınınazadlığa buraxılması üçün kömək istəyib.
Bəs, Piter Velç kimdir?
Qeyd edək ki, ABŞ-ın Vermont ştatından olan demokrat senator Piter Velç qatı ermənipərəsdir. Onu ermənilərlə və erməni lobbisi ilə pro-erməni qanunvericilik təşəbbüslərinə dəstək vermək və ABŞ Konqresində Azərbaycan əleyhinə sənədlərə imza atmaq bağlayır.
Amerikanın Erməni Milli Komitəsinin (ANCA) hesabatları və rəsmi konqres sənədlərinə əsasən, onun erməni məsələləri ilə bağlı fəaliyyəti yetərincə “rəngarəng”dir.
Piter Velç 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı ABŞ Nümayəndələr Palatasının üzvü olarkən, Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını pisləyən və Türkiyəni ittiham edən 1165 nömrəli qətnamə layihəsinin həmmüəlliflərindən biri olub.
O, 2022-ci ildə ermənipərəst xarici yardım prioritetlərini müdafiə edən konqres məktublarını imzalayıb.
Onun Türkiyəyə qarşı da mövqeyi erməni maraqlarına görə dəyişib. Belə ki, erməni lobbisinin çağırışlarına uyğun olaraq, 2022-ci ildə Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışının bloklanmasını tələb edən məktubu imzalayanlardan biri də məhz Velç olub.
Bu hələ son deyil...
Piter Velç Azərbaycan tərəfindən saxlanılan erməni cinayətkarların azad edilməsini tələb edən iki senatordan biridir.
Ümumilikdə, Velç ABŞ Konqresindəki fəaliyyəti boyu ardıcıl olaraq erməni icmasının təşəbbüslərinə dəstək verən siyasətçilərdən biri kimi tanınır. Onun ANCA ilə çox şübhəli və isti münasibətləri var.
Türkel Kərimlinin erməni sevdası
Başdan–ayağa erməniləşmiş birisi ilə Türkel Kərimlinin isti münasibətində təəccüblü heç nə yoxdur.
Çünki Türkelin özünün də güclü erməni sevgisi var. O bu “sevgi”ni dəfələrlə sübut edib. Və bu sevgi tarixçəsindən bir səhifəni xatırlatsaq, yəqin ki, yerinə düşərdi.
Belə ki, 2016-cı ildə ABŞ-da ermənilərin təşkil etdiyi tədbirə Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərindən olmuş Bako Saakyanın oğlu Arme Saakyanla birgə qatılıb. Həmin tədbirdə Türkel Azərbaycan əleyhinə böhtan dolu fikirlər səsləndirmişdi.
İndi isə Türkel Kərimli ermənipərəst senatorla bir araya gələrək növbəti anti-Azərbaycan kampaniyasına start vermək istəyir.
Kərimlinin köhnə dostları da ermənilərlə işbirliyinə can atır...
Onlardan biri də Əli Kərimlinin şəxsi mirzəsi Qənimət Zahiddir. O bu yaxınlarda Avropada Azərbaycana qarşı fəaliyyətlə məşğul olan “mühacirlər”in “Azərbaycan siyasi mühacirlərinin və mühacir medianın birinci ümumavropa Konqresi”ni keçirməyə cəhd edib.
Tədbir sentyabrın sonunda Qənimət Zahidin rəhbərlik etdiyi “Azərbaycan Naminə Demokratiya” və “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi”nin (ASİMKOM) iştirakı ilə Strasburda keçirilib. Lakin “konqres” əvvəlki tədbirlər kimi mənasız və uğursuz olub.
Belə ki, Qənimət Zahid və ətrafındakıları məyus edən əsas məqamlardan biri dəvət edilən xarici qonaqların əksəriyyətinin “konqresi” boykot etməsi olub.
Almaniyanın Fridrix Ebert Fondunun üzvlərinə, Sosial Demokrat Partiyasının deputatlarına, AŞPA parlamentarilərinə və müxtəlif beynəlxalq təşkilatlara dəvətlər göndərilsə də, Qərb siyasətçilərindən, demək olar ki, heç kim tədbirə qatılmayıb.
Tədbirdə iştirak edən bir neçə xarici “qonağın” da ermənipərəst olmaları diqqət çəkib. “Konqresdə” iştirak edənlərdən biri də yuxarıda haqqında danışdığımız Benedikt Rocers olub.
Göründüyü kimi, Kərimli ailəsi və onun yaxınları ermənilərlə və onları dəstəkləyən qüvvələrlə yeni bir oyunun arxasınca düşüb. Amma aparılan təhlillər göstərir ki, Kərimli ailəsinin və onun dostlarının bu dəfəki hədəfi təkcə Azərbaycana qarşı böhtan kampaniyası aparmaq deyil. Bu daha çox bədnam qüvvələrlə “obşak”a oturmaq cəhdidir.
Çünki həm Əli Kərimli ailəsi, həm də Qənimət Zahidlərin büdcəsi deyəsən boşalıb. Onlar bu boşluğu kompensasiya etmək üçün bu dəfə ermənilərlə və onların havadarları ilə izdivaca gedirlər.
Bizim.Media-nın analitik qrupu




































































































