Məktəbli üçün sağlam qida seçimi necə olmalıdır?

Hazırda oxunan: Məktəbli üçün sağlam qida seçimi necə olmalıdır?

636582

Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir. Günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, sağlam yemək çantası 4 əsas komponentdən ibarət olmalıdır. Bunlar aşağıdakılardır:

- Mürəkkəb karbohidratlar: Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri. Bu, uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır.

- Keyfiyyətli zülal: Qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır.

- Təzə meyvə-tərəvəzlər: Dilimlənmiş xiyar, kök, pomidor, alma, banan və ya giləmeyvələr. Tərəvəz və meyvələri uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir.

- Sağlam yağlar və qəlyanaltılar: Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya qurudulmuş meyvələr (xurma, ərik). Bunlar Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır.

AQTİ-nin məlumatında bildirilib ki, bəzən valideynlər bu komponentləri nəzərə almır, müəyyən səhvlərə yol verirlər. Bu 3 səhv aşağıdakılardır:

- Uşağın çantasına hazır şirələr və aromatik yoğurtlar qoymaq: Bunlar “sağlam” görünə bilər, lakin tərkibi yüksək miqdarda əlavə olunmuş şəkərlə zəngindir. Ən yaxşı alternativi sadə su və ya evdə hazırlanmış şəkərsiz kompotdur.

- Çox mürəkkəb və ya tez xarab olan yeməklər: Sulu yeməklər, souslu qidalar həm tökülə bilər, həm də otaq temperaturunda tez xarab olaraq qida zəhərlənməsinə səbəb ola bilər.

- Uşağın rəyini nəzərə almamaq: Çantaya uşağın heç sevmədiyi qidaları qoyduqda, o yemək toxunulmadan geri qayıdır. Seçimi uşaqla birgə etmək lazımdır.

“Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Ən əsası isə çantaya mütləq kiçik bir şüşədə sadə su qoymağı unutmayın. Sağlam qidalanan uşaq isə daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin