Coğrafi təcriddən LOGİSTİKA MƏRKƏZİNƏ – Naxçıvanın dünəni, bu günü və sabahı – TƏHLİL

Hazırda oxunan: Coğrafi təcriddən LOGİSTİKA MƏRKƏZİNƏ – Naxçıvanın dünəni, bu günü və sabahı – TƏHLİL

631722

Naxçıvan coğrafi olaraq Azərbaycanın əsas ərazisindən ayrı düşsə də, tarixi, strateji məkan kimi hər zaman xüsusi əhəmiyyət daşıyıb. Lakin qarşıdakı illərdə bu qədim diyarda coğrafi və tarixi amillərlə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanları daha ön plana çıxacaq.Bu inkişafın təməli isə illər əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Heydər Əliyev strategiyası: Naxçıvanın inkişafının təməli

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan hər zaman xüsusi yer tutub. Heydər Əliyev SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi dövr ərzində muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəldi. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi.

1990–1993-cü illərdə Naxçıvanda Ali Məclisin sədri kimi fəaliyyəti dövründə Ulu Öndərin atdığı addımlar muxtar respublikanın yalnız həmin dövrün mürəkkəb siyasi və iqtisadi böhranından çıxmasına deyil, həm də gələcək inkişafının əsaslarının formalaşmasına xidmət etdi.

Həmin illərdə Naxçıvanın blokada şəraitində yaşadığı ağır sosial-iqtisadi problemlər fonunda Heydər Əliyev muxtar respublikanın iqtisadi və siyasi dayanıqlığını qorumağa xüsusi diqqət yetirirdi. Naxçıvanın Türkiyə və İranla əlaqələrinin genişləndirilməsi, iqtisadi münasibətlərin inkişaf etdirilməsi, enerji və ərzaq təminatının qorunması istiqamətində atılan addımlar sonrakı dövr üçün mühüm təməl yaratdı. 1992-ci ildə Türkiyə ilə imzalanan protokollar və Araz çayı üzərində “Ümid” körpüsünün istifadəyə verilməsi Naxçıvanın xarici dünyaya çıxışını təmin etdi.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Muxtar Respublikanın dirçəlişinə xüsusi diqqət və qayğısını davam etdirdi. Nəticədə 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə, ümumi daxili məhsulun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı.

İlham Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Naxçıvanın inkişaf konsepsiyasi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvanın geosiyasi və geoiqtisadi statusunu yüksək qiymətləndirən Dövlətimizin başçısı Muxtar Respublikaya xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, hakimiyyətdə olduğu dövrdə İlham Əliyev 17 dəfə Naxçıvana səfər edib. Bu səfərlərin hər biri yeni, strateji infrastruktur obyektlərinin açılışları ilə yadda qalıb. 

Dövlət başçısının Naxçıvana son səfəri isə muxtar respublikanın gələcək inkişaf modelinə keçidi üçün tarixi addım oldu.

Belə ki, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri, ardınca 12 avqust tarixində imzaladığı Sərəncam və Zəngəzur bağlantısı üzrə formalaşan TRIPP mexanizmi muxtar respublika üçün tamamilə yeni perspektivlər açır.

Burada söhbət sadəcə Naxçıvanın Azərbaycanla quru əlaqəsinin bərpasından getmir. Qarşıdakı mərhələdə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişdiyi, enerji axınlarının birləşdiyi, sənaye və logistika fəaliyyətinin cəmləşdiyi regional mərkəzə çevrilməsi hədəflənir.

258 milyon manatlıq inkişaf paketi

Prezident İlham Əliyevin 12 avqust 2026-cı ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Sözügedən Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda müxtəlif istiqamətlər üzrə ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin 70 milyon manatı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmirinə yönəldiləcək.


Daha 66 milyon manat Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində inşa edilən, gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işlərinə ayrılıb.

İnsan kapitalına yönələn layihələr də paketin mühüm hissəsidir. Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat, ümumilikdə 640 yerlik 5 məktəbəqədər təhsil müəssisəsinin inşasına isə 20 milyon manat nəzərdə tutulur.

Bununla yanaşı, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində 2164 mənzilli 92 yaşayış binasının tam, daha 3087 mənzilli 70 binanın isə fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat, 122 yaşayış binasına xidmət edən 45 istilik qazanxanasının təmirinə isə 9 milyon manat ayrılması planlaşdırılır.

Bu layihələr göstərir ki, Naxçıvanın gələcək logistika və iqtisadi potensialının formalaşdırılması paralel şəkildə sosial və infrastruktur bazasının yenilənməsi ilə müşayiət olunur.

Naxçıvanı regional şəbəkəyə bağlayacaq yollar

Naxçıvanın logistika mərkəzinə çevrilməsinin əsas şərti onun daxili və xarici nəqliyyat bağlantılarının gücləndirilməsidir.
 

Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində Zəngəzur bağlantısının əsas hissələrindən biri olan Horadiz-Ağbənd dəmir yolu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr uzunluğa malikdir. Layihə çərçivəsində 9 stansiya, 40 körpü, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Dəmir yolu üzrə ümumi işlərin 95 faizi, tikinti işlərinin isə 45 faizi tamamlanıb.


Horadiz-Ağbənd avtomobil yolunun əsas hissəsinin uzunluğu 123,6 kilometr, magistralın ümumi uzunluğu isə 149,9 kilometrdir. Yolun texniki dərəcəsi 1B müəyyənləşdirilib.

Naxçıvan istiqamətində isə dəmir yolu xəttinin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə 264 kilometr təşkil edir. Burada 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiya, 3 platforma, 29 körpü və 11 yolötürücünün inşası və yenidən qurulması nəzərdə tutulur.

Əsaslı təmir və yenidənqurma işlərindən sonra xəttin illik yükötürmə qabiliyyətinin 15 milyon ton olması planlaşdırılır.

Bu göstərici Naxçıvanın gələcəkdə sadəcə tranzit məntəqəsi deyil, böyük həcmdə yük qəbul edən, emal edən və istiqamətləndirən logistika qovşağına çevrilə biləcəyini göstərir.

Coğrafi təcriddən logistik mərkəzə

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə imzaladığı Birgə Bəyannamə bu prosesdə dönüş nöqtəsi oldu. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin edilməsi və TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsinin hazırlanması nəzərdə tutuldu.
 

Ermənistan ərazisindən keçəcək təxminən 45 kilometrlik hissənin yaradılması üçün hüquqi, institusional və texniki mexanizmlərin formalaşdırılması istiqamətində işlər aparılır. Beləliklə, Naxçıvanın Azərbaycanla birbaşa quru bağlantısının yaranması onun logistika imkanlarını köklü şəkildə dəyişə bilər.


Bu bağlantı Naxçıvanı yalnız Azərbaycanın əsas hissəsi ilə birləşdirməyəcək. Marşrutun Türkiyəyə çıxışı vasitəsilə Avropaya uzanan yeni nəqliyyat zəncirinin formalaşması mümkün olacaq.

Naxçıvan: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində

Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində “AzTV”yə verdiyi müsahibədə diqqət çəkdiyi əsas məqamlardan biri də Zəngəzur bağlantısının iki böyük nəqliyyat istiqaməti ilə əlaqələndirilməsidir.

Zəngəzur xətti Şərq-Qərb marşrutunun yeni qolu olmaqla yanaşı, Şimal-Cənub dəhlizinə də alternativ bağlantı yarada bilər. Azərbaycanın əsas hissəsindən Naxçıvana, oradan isə Culfa üzərindən İrana çıxışın formalaşması Fars körfəzi istiqamətində əlavə imkanlar yaradır.

Bu baxımdan Naxçıvanın coğrafi mövqeyi xüsusi üstünlük qazanır. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər üzərindən Azərbaycana, daha sonra isə iki istiqamətdə – Gürcüstan-Türkiyə xətti ilə Qərbə və Zəngəzur-Naxçıvan-Türkiyə marşrutu ilə cənub-qərbə yönəldilməsi mümkün olacaq. Beləliklə, Naxçıvan ərazisində formalaşan logistika sistemi daha çoxşaxəli xarakter alacaq.

Qars-İğdır-Naxçıvan xətti yeni bağlantını tamamlayır

Naxçıvanın regional logistika mərkəzinə çevrilməsində Türkiyə istiqaməti də həlledici rol oynayacaq.

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda olacaq. Xətt saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulub. Layihənin 5 il ərzində tamamlanması planlaşdırılır. Burada uzunluğu 638 metr olan 10 körpü və ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçidin inşası nəzərdə tutulub.

Bu xətt Naxçıvanı Türkiyənin dəmir yolu şəbəkəsinə daha sıx bağlayaraq Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiya imkanlarını genişləndirə bilər. Nəticədə Naxçıvan Avropa-Asiya yükdaşımalarında alternativ marşrutların birləşdiyi mühüm halqaya çevrilə bilər.

Enerji dəhlizi də logistika xəritəsinə əlavə olunur

Naxçıvanın gələcək rolu yalnız yük daşımaları ilə məhdudlaşmır. Muxtar respublikada enerji sektorunda da böyük layihələr həyata keçirilir.

Hazırda Naxçıvanın generasiya gücü təxminən 200 MVt təşkil edir. Naxçıvan Sənaye Parkı çərçivəsində 300 MVt gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu, mövcud generasiya gücünü təxminən 1,5 dəfə artıracaq.
 

Bundan başqa, Naxçıvanda Günəş enerjisi potensialının ən azı 500 MVt, perspektivdə isə 1000 MVt səviyyəsinə çata biləcəyi bildirilir. Artıq 600 hektardan çox ərazi Günəş elektrik stansiyalarının yaradılması üçün müəyyənləşdirilib.


“Şəms 1” və “Üfüq” Günəş elektrik stansiyaları, “Ordubad” və “Tivi” su elektrik stansiyaları, həmçinin ən azı 100 MVt gücündə batareya saxlanc qurğusunun yaradılması Naxçıvanın enerji sistemini daha çevik və ixracyönümlü edə bilər.

Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi ilə Naxçıvana elektrik xəttinin çəkilməsi də gələcək enerji xəritəsinin mühüm elementidir. Beləliklə, TRIPP marşrutu perspektivdə yalnız avtomobil və dəmir yolu deyil, elektrik və fiber-optik xətlərin də keçdiyi çoxfunksiyalı regional bağlantıya çevrilə bilər.

Naxçıvanın yeni iqtisadi modeli

Prezidentin səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının, 518 mənzilli sosial evlər kompleksinin, yeni mehmanxana kompleksinin layihələri üzrə işlərə başlanılması və şəhərin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Planın təqdim edilməsi də bu transformasiyanın miqyasını göstərir.
 

Burada müxtəlif layihələr bir-birindən ayrı deyil. Yol infrastrukturu yükdaşımaları asanlaşdıracaq, dəmir yolu və TRIPP beynəlxalq tranziti artıracaq, enerji layihələri sənayenin dayanıqlı fəaliyyətini təmin edəcək, Sənaye Parkı isə əlavə dəyər yaradan istehsalın inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan verəcək.


Əgər bütün bu elementlər vahid sistem daxilində işə başladıqdan sonra, Naxçıvanın iqtisadi modeli də dəyişəcək: region yalnız istehlak edən və tranzitdən istifadə edən məkan deyil, yük qəbul edən, emal edən, istehsal edən, enerji yaradan və ixrac edən regional mərkəzə çevriləcək.

Muxtar respublikanın coğrafiyası əsas üstünlüyə çevrilir

Göründüyü kimi, Uzun illər Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi əsasən məhdudiyyət kimi qiymətləndirilirdi. İndi isə həmin coğrafi mövqe yeni nəqliyyat bağlantıları fonunda üstünlüyə çevrilə bilər.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi, Türkiyə və İranla bağlantılar, TRIPP, Qars-İğdır-Naxçıvan dəmir yolu, yüzlərlə meqavatlıq yeni enerji layihələri və Sənaye Parkı Naxçıvanın qarşısında tamamilə yeni iqtisadi perspektiv yaradır.

Bu mənada Prezident İlham Əliyevin son səfəri və ardınca imzalanan 258 milyon manatlıq inkişaf Sərəncamı yalnız sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi kimi qiymətləndirilə bilməz.

Əsas dəyişiklik Naxçıvanın rolunun dəyişməsidir.

TRIPP-in reallaşması ilə muxtar respublika Azərbaycanın əsas ərazisi ilə fiziki baxımdan yenidən birləşməklə yanaşı, Avropa ilə Asiya, Şimal ilə Cənub, enerji istehsalı ilə enerji ixracı və regional istehsalla beynəlxalq logistikanın kəsişdiyi strateji mərkəzə çevrilmək imkanını əldə edir.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin