Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ

Hazırda oxunan: Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ

621278

Abşeron yarımadasında 500 mindan artıq sənədsiz ev var. Bu evlərin sənədləşdirilməsi vacib olduğu qədər çətindir. Çətinliyin isə bir sıra səbəbləri var.

Ona görə də zaman-zaman sənədsiz evlərə amnistiya tətbiq edilməsi ilə bağlı təkliflər səslənib.
 

Nəzərə alaq ki, dünya praktikasında bu cür kütləvi problemlər adətən mülkiyyət amnistiyaları kimi kompleks islahatlarla həll olunur. Türkiyənin 2018-ci ildə tətbiq etdiyi “İmar Barışı” proqramı buna ən yaxşı nümunələrdən biridir. Həmin proqram çərçivəsində 7 milyondan çox sənədsiz tikiliyə əmlakın dəyərinin təxminən 3 faizi həcmində rüsum ödənilməklə çıxarış verilib.


Azərbaycan bu təcrübəni yerli reallıqlara uyğun şəkildə tətbiq edə bilər. Lakin Türkiyə modelindən çıxarılan dərslər göstərir ki, belə amnistiyalar ciddi risklər də yarada bilər və xüsusilə təhlükəsizlik məsələlərində diqqətli yanaşma tələb olunur.

Bəs ölkəmizdə hansı yanaşma tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, hal-hazırda bu məsələ hökumət tərəfindən baxılır:

“Yekun qərar hələlik verilməyib. Amma zəbt olunan bələdiyyə torpaqlarıyla bağlı işlərə başlanılıb. Yəni zəbt olunmuş bələdiyyə torpaqlarının sənədləşdirilməsi ilə bağlı işlər gedir. Belə ki, əvvəlki illərdə bəzi vətəndaşlar tərəfindən bələdiyyə torpaqları zəbt olunub və həmin torpaq üzərində evlər tikilib.
 

Bu cür torpaq sahiblərinə bələdiyyələr tərəfindən zəbt edikləri torpaq sahələrinin özəlləşdirilməsi təklif olunur. Əgər vətəndaş zəbt etdiyi torpağı özəlləşdirməyə razı olursa, o zaman bələdiyyə müstəqil qiymətləndiriciyə müraciət edir və həmin torpaq sahəsinin bazar dəyəri müəyyən edilir.


Bundan sonra bələdiyyə ilə vətəndaş arasında həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilir. Alqı-satqı həyata keçirildikdən sonra Dövlət Reyestr Xidmətinə müraciət edilir və torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlak dövlət qeydiyyatına alınır”.

Müsahibimiz onu da qeyd edib ki, bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahələrinin sənədləşdirilməsi isə hələlik açıq qalır:

“Çünki həmin torpaq sahələrinin bir qismi kənd təsərrüfatı təyinatlıdır. Bəziləri ayrı-ayrı şirkətlərin mülkiyyətinə aiddir, yaxud da kommunikasiya xətlərinin mühafizə zolağındadır. Belə ərazilərdə inşa edilən evlərin sənədləşdirilməsində hələlik bir irəliləyiş yoxdur”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin