Mayın 25-dən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Bakı marşrutunun biletləri son vaxtlar satışa çıxarıldığı an sürətlə tükənir. Bilet ala bilməyən sərnişinlər iddia edirlər ki, biletlər turizm şirkətləri və vasitəçilər tərəfindən toplu şəkildə bron edildiyi üçün bilet tapmaqda çətinlik çəkirlər.
Sosial şəbəkələrdə yayılan digər iddialara görə “Azərbaycan Dəmir Yolları”QSC turizm şirkətləri və fərdi travel səhifələrinə qatar biletlərini toplu şəkildə özü satır. Nəticə etibarilə isə adi sərnişinlər ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən, eləcə də dəmiryol kassalarından bilet tapa bilmirlər. Daha doğrusu müəyyən tarixlər üzrə biletlərin məhdud sayda olduğu vurğulanır.
İddialar nə qədər doğrudur? ADY turizm və travel şirkətlərinə qatar biletlərini toplu şəkildə özü satır?
Bizim.Media məsələni araşdırmaq məqsədilə ilk olaraq bir neçə turizm şirkəti ilə əlaqə saxlayaraq tur paketlərinə daxil edilən qatar biletlərinin hansı qaydada əldə olunduğunu öyrənməyə çalışıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, bilet əldə olunması prosesi xüsusi imtiyaz və ya ayrıca kvota əsasında həyata keçirilmir. Onların bildirdiyinə görə səyahətdə iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən öz xarici pasport məlumatlarını turizm şirkətlərinə təqdim edirlər. Daha sonra ADY tərəfindən biletlər satışa çıxarılan anda şirkət əməkdaşları həmin məlumatlardan istifadə edərək müştərilər adından bilet almağa çalışırlar.
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə xüsusi yer ayırmır:
"Biletlər hər kəs üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bir şəxs bir reysdə öz adına yalnız bir bilet əldə edə, eyni zamanda özü ilə birlikdə 8 nəfərə (müvafiq sənəd əsasında hər birinin adına rəsmiləşdirməklə) bilet ala bilər.
Bir biletin sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil".
Halbuki beynəlxalq təcrübə göstərir ki, turizm şirkətlərinin biletləri toplu şəkildə əldə etməsi yalnız daşıyıcı qurumla rəsmi əməkdaşlıq və xüsusi rezervasiya mexanizmləri çərçivəsində mümkündür. Belə bir əməkdaşlıq olmadığı halda isə turizm şirkətləri digər sərnişinlər kimi ümumi satış sistemindən istifadə etməli və biletləri açıq satış zamanı əldə etməlidirlər.
Biletlərin müəyyən edilmiş hüquqi və kommersiya prosedurlarından kənar yollarla əldə edilməsi, satışı və ya dövriyyəyə buraxılması qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Belə hallarda məsul şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıya bilərlər. Bu səbəbdən turizm fəaliyyəti ilə məşğul olan subyektlər daşıyıcı qurumlarla münasibətlərini qanuni əsaslarla qurmalıdırlar.
Bizim.Media

































































































