Kənardan baxanda hər şey yaxşı görünür: evdə, işdə, dolanışıqda... Sağlamlıq da ki öz yerində. Amma daxildə getdikcə artan boşluq hissi var, hər şey rutinə bağlanıb. “Özümü qadın kimi hiss etməyi unutmuşam...” Bu sözləri bu gün çox qadının dilindən eşitmək olar. Xüsusən də 30+ qadınların tez-tez dilə gətirdiyi sözlərdir.
Maddi rifahı qənaətbəxş olan qadınlar yoqa, meditasiya, səyahət, yenu tanışlıqlar, müxtəlif kurslarla vəziyyəti nə qədər dəyişməyə cəhd göstərsələr yenə də gərginlik, boşluq, yorğunluq hissi tərk etmir. Bir vaxtlar hər şeydən zövq alan, həyatını yaşayan qadın indi anhedoniya məngənəsindədir. Nəticədə enerji tükənir, istəklər boğulur, yaş keçdikcə də qorxu başlayır: “həyat eşqi geri dönməzsə?”
Bəzi qadınlar da təlaş içində çıxışı mustik yollarda axtarırlar: ezoterikə gedirlər, qəribə rituallar edirlər, ticarət məqsədilə müxtəlif formalarda “sırınan” şamlar yandırır, evi aromatik tüstülərə verirlər.
Niyə “qadın enerjisi” itir?
Mütəxəssislər bu suala belə cavab verirlər ki, “qadın enerjisi” elmi bir termin deyil, psixoloji yanaşmadır. Adətən bu ifadə qadının özünü necə hiss etməsi və dünyaya necə yanaşması ilə əlaqələndirilir: həssaslıq, intuisiya, yaradıcılıq, qayğıkeşlik, emosional açıqlıq, qəbul etmə və daxili rahatlıq kimi xüsusiyyətlər nəzərdə tutulur.
Elə yuxarıda qeyd etdiyim maddi rifahdan başlayır hər şey. Qadın kişi öhdəliklərini çiyninə götürəndə, özünün, uşaqlarının gələcəyini təmin edəndə, bütün problemlərini özü həll etməyə başlayanda testosteron səviyyəsi qalxır. Uzunmüddətli stress, daimi mübarizə və sağ qalma rejimində yaşamaq, emosiyaları basdırmaq, öz ehtiyaclarını daim ikinci plana keçirmək, davamlı özünütənqid, rəqabət etmək qadın enerjisini tükəndirir.
Özünə qayıtmağın vaxtıdır
Ona görə də qadın özünü bərpa etmək üçün “zavod buraxılışı” halına geri dönməlidir, yəni təbiətin onun yaratdığı zərif, güclü cinsin dəstəyinə ehtiyacı olan halına. Bunun üçün qadınlıq və iş həyatı arasında sağlam sərhədlər qoymalı, emosiyalarını ifadə etməkdən çəkinməməlidir.
Dəstək verən insanlarla ünsiyyət qurmalı, sevilməyə “yer açmalı”, əks cinsdən xoş sözlərə, nəvazişə açıq olmalıdırlar. Qısası, “dişi enerjisi”ni bərpa etmək üçün hər şeydən əvvəl qadın olmaq lazımdır ki, daxili rahatlığı, özünə inamı, təbiətlə əlaqəni bərpa etmək mümkün olsun. Təbiət hər iki cinsi çiynində daşıyan, kim olduğunu ayırd edə bilməyən, “izm”lərin fətvasına gedən fərdlərə vaxt ayırmaq istəmir.
Şair demiş: “Təbiətin işidir: gündə min gözəl yaradır”. Yəni təbiət onun verdi nemətləri, üstünlükləri dəyərləndirməyənlərdən üz döndərib yeni yaratdıqları ilə məşğul olmağı üstün tutur.
Şəfiqə Şəfa, Bizim.Media



































































































