Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun yanında keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də 16 iyun 2026-cı il tarixində Quba şəhərində keçirilmiş regional müşavirədə səsləndirilən məsələlər geniş müzakirə olunub.
Bizim.Media xəbər verir ki, iclasda kənd təsərrüfatında məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı məhsullarının emalı və logistika imkanlarının genişləndirilməsi, fermerlərə göstərilən dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar sahədə müasir texnologiyaların tətbiqi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, rayonun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması, heyvandarlığın inkişafı, örüş və otlaq sahələrindən səmərəli istifadə, su təminatının yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Cənab Sahir Məmmədxanov aidiyyəti qurumların rəhbərlərinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin rayonda əlaqələndirilmiş və operativ şəkildə icrasının təmin edilməsi, fermerlərin müraciət və təkliflərinə həssaslıqla yanaşması, aqrar sahənin inkişafına xidmət edən layihələrin vaxtında həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda vurğulanıb ki, kənd təsərrüfatının inkişafı rayon iqtisadiyyatının möhkəmləndirilməsi, məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu





































































































