Bakıya təşəkkür, radikallara XƏBƏRDARLIQ – İrandakı anti-Azərbaycan kampaniyası necə İFLASA UĞRADI?

Hazırda oxunan: Bakıya təşəkkür, radikallara XƏBƏRDARLIQ – İrandakı anti-Azərbaycan kampaniyası necə İFLASA UĞRADI?

621419

ABŞ və İran arasında müharibənin başa çatmasından sonra regionda yeni siyasi və diplomatik reallıqlar formalaşmağa başlayıb. Bu reallıqlar fonunda diqqət çəkən əsas məqamlardan biri də İranın ali siyasi rəhbərliyinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi açıq mövqedir.

Atəşkəsdən dərhal sonra İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında səsləndirdiyi təşəkkür mesajları, dünən isə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Bakıda verdiyi bəyanatlar təsadüfi diplomatik jestlər deyil. Bunlar son aylarda İranda müəyyən dairələrin apardığı anti-Azərbaycan kampaniyasına verilmiş ən yüksək siyasi cavab kimi qiymətləndirilə bilər.

Azərbaycan çətin gündə İranın yanında oldu

Müharibənin ilk günlərindən etibarən Azərbaycan balanslı, humanitar və qonşuluq dəyərlərinə söykənən mövqe nümayiş etdirdi.
 

Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verən ilk dövlət başçılarından biri oldu. Dövlətimizin başçısı daha sonra İranın Azərbaycandakı səfirliyini ziyarət edərək şəxsən başsağlığı verdi. Ardınca isə yeni Ali Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanladı.


Bununla yanaşı, Azərbaycan müharibə dövründə İran üçün humanitar dəstək mexanizmini işə saldı. Savaşın ən qızğın günlərində ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlardan ibarət yüzlərlə ton yük qısa müddətdə İrana çatdırıldı. Bakı həm də öz ərazisini üçüncü ölkələrin humanitar yardım daşımaları üçün açaraq regional humanitar mərkəz funksiyasını yerinə yetirdi.

Bu addımlar diplomatik protokol çərçivəsini aşaraq strateji dostluğun və qonşuluq münasibətlərinin real ifadəsi kimi qiymətləndirilə bilər.

Qalibafın mesajları təsadüfi deyildi

Məhəmməd Baqir Qalibafın Bakıda səsləndirdiyi fikirlər isə xüsusi diqqət çəkir. İran parlamentinin sədri açıq şəkildə bildirdi ki, Azərbaycan müharibə dövründə mehriban qonşuluq münasibətlərinə sadiq qalıb, humanitar yardımını əsirgəməyib və Azərbaycan xalqının İranın yanında olması İran xalqının yaddaşında əbədi qalacaq. Bununla da Qalibaf faktiki olaraq son aylarda bəzi radikal dairələrin yaydığı ittihamları təkzib etmiş oldu.
 

İranlı siyasətçi daha irəli gedərək müharibənin Tehrana dostunu və düşmənini tanıtdığını vurğuladı. O açıq şəkildə bəyan etdi ki, həmin çətin günlərdə Azərbaycan dost ölkə kimi İranın yanında olub.


Bu ifadə adi diplomatik nəzakət deyil. Çünki söhbət İran dövlətinin ən yüksək siyasi institutlarından birinin rəhbərinin, hazırda ABŞ-la danışıqlarda əsas rol oynayan Qalibafın mövqeyindən gedir. Başqa sözlə, rəsmi Tehran Azərbaycanı dost ölkə kimi gördüyünü açıq şəkildə bəyan edir.

Anti-Azərbaycan təbliğatının iflası

Müharibə, eləcə də sonrakı dövrdə İranda bəzi radikal dini-hərbi qruplar, eləcə də müəyyən siyasi dairələr yenidən Azərbaycana qarşı köhnə ittihamları gündəmə gətirməyə çalışdılar.

Onlar guya Azərbaycanın İsraillə münasibətlərinin İran üçün təhlükə mənbəyinə çevrilə biləcəyi barədə iddialar irəli sürür, Azərbaycan əleyhinə informasiya kampaniyası aparırdılar. Bəzi qərb mənbələri də bu cür reallıqdan uzaq iddiaları tirajlayırdılar. Məqsəd həm İran cəmiyyətində, həm də regionda Azərbaycanın mənfi obrazını formalaşdırmaq, eyni zamanda Tehran-Bakı xəttində gərginlik yaratmaq idi.

Lakin hadisələrin gedişi bu kampaniyanın tamamilə əsassız olduğunu ortaya qoydu:

- Müharibə dövründə Azərbaycandan İrana qarşı hər hansı təhlükə yaranmadı.

- Bakı humanitar yardım göndərən, diplomatik dəstək nümayiş etdirən və İranın ərazi bütövlüyünə hörmət göstərən dövlət kimi çıxış etdi.

- Həm Pezeşkian, həm də Qalibaf Azərbaycanın dəstəyini açıq şəkildə etiraf etdilər.

Beləliklə, anti-Azərbaycan təbliğatı aparan dairələrin əsas tezisləri İran rəhbərliyinin öz bəyanatları ilə puça çıxdı. Əgər İran parlamentinin sədri Azərbaycanın dost ölkə olduğunu bəyan edirsə, İran Prezidenti Azərbaycan rəhbərliyinə təşəkkür edirsə, o zaman radikal qrupların irəli sürdüyü ittihamların siyasi əsasdan məhrum olduğu daha aydın görünür.

Tehranın yeni prioritetləri

Qalibafın çıxışında diqqət çəkən digər məqam müsəlman ölkələri ilə əməkdaşlığın vacibliyinə dair fikirlər idi. O, müharibənin nəticələrinə əsaslanaraq bildirdi ki, müsəlman dövlətlərlə əlaqələrin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. 

Bu kontekstdə Azərbaycanın xüsusi vurğulanması təsadüfi deyil. Son illərdə Bakı İslam dünyasında mühüm platformalardan birinə çevrilib. İslam Əməkdaşlıq Təşkilatının müxtəlif tədbirlərinə ev sahibliyi edən Azərbaycan gələn il təşkilatın Zirvə Görüşünü qəbul etməyə hazırlaşır. Tehranın verdiyi mesaj ondan ibarətdir ki, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasında Azərbaycan mühüm tərəfdaşlardan biri kimi qəbul edilir.

İqtisadi əməkdaşlıq perspektivləri

Siyasi münasibətlərdə müşahidə olunan müsbət dinamika iqtisadi layihələrdə də öz əksini tapır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Məhəmməd Baqir Qalibaf arasında keçirilən görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdırılması və İran ərazisindən keçən Araz dəhlizinin perspektivləri xüsusi vurğulandı.

Bu layihələr yalnız Azərbaycan və İran üçün deyil, bütövlükdə region üçün yeni nəqliyyat imkanları yaradır. Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşən bu kommunikasiya xətləri iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Əslində, ortaq iqtisadi maraqlar siyasi münasibətlərin sabitliyini daha da möhkəmləndirən amillərdən biridir.

Ən güclü cavab Tehranın özündən gəldi

Son aylarda regionda baş verən gərgin və mürəkkəb hadisələr bir həqiqəti açıq şəkildə ortaya qoydu: Azərbaycan və İran arasında münasibətləri pozmağa çalışan qüvvələr var və onlar zaman-zaman müxtəlif təxribat xarakterli iddialar ortaya atırlar.
 

Lakin dünən həmin dairələrə layiqli cavab birbaşa İran siyasi isteblişmentinin əsas simalarından biri – Qalibafdan gəldi. İran İslam Şurası Məclisinin sədri Azərbaycanın İranın yanında olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətləri pozmağa çalışanların tezislərini iflasa uğratdı.


Göründüyü kimi, Prezident Məsud Pezeşkianın təşəkkür mesajları, Məhəmməd Baqir Qalibafın Azərbaycanın dost ölkə olması barədə bəyanatları və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən açıqlamalar göstərir ki, rəsmi İran Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.

Bu baxımdan Qalibafın son açıqlamaları sadəcə diplomatik nəzakət nümunəsi deyil. Bu fikirlər İranda Azərbaycanı hədəfə çevirməyə çalışan radikal dini-hərbi qruplara, siyasətçilərə və anti-Azərbaycan təbliğatı aparan dairələrə verilmiş ən tutarlı siyasi cavabdır.

Çünki reallıq bir daha göstərdi ki, dövlətlərarası münasibətləri emosiyalar və təbliğat deyil, real siyasət, qarşılıqlı maraqlar və çətin günlərdə göstərilən dəstək müəyyən edir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin