Qadın avtobus sürücülərinin sayı artır - Daha 50 nəfər… – RƏSMİ

Hazırda oxunan: Qadın avtobus sürücülərinin sayı artır - Daha 50 nəfər… – RƏSMİ

621323

Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da qadın avtobus sürücülərinin hazırlanması və işə cəlb edilməsi istiqamətində addımlar atılır.

Xəbər verdiyimiz kimi, ötən il nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.
 

Belə ki, xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra, noyabrın 24-dən isə sürücülər artıq rəsmi şəkildə fəaliyyətə başlayıblar.


Bəs uzun illər kişi peşəsi hesab olunan avtobus sürücülüyünə qadınların marağının artırılması məqsədilə həyata keçirilən layihələr nə dərəcədə uğurlu olub? Hazırda ictimai nəqliyyatda neçə qadın sürücü çalışır və bu sahəyə müraciət edənlərin sayı artırmı?

Mövzu ilə bağlı “BakuBus” MMC-dən Bizim.Media-nın soruğusuna cavab olaraq bildirilib ki, bu il ərzində sözügedən vəzifə üçün 50 qadın namizəd olub:

“2025-ci ildə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və “BakuBus” MMC tərəfindən birgə həyata keçirilən “BakuBus” sizi sükan arxasına dəvət edir” layihəsi çərçivəsində avtobus sürücüsü vəzifəsi üzrə 18 qadın müraciət edib.
 

Müraciət edən namizədlərdən 5 nəfər AYNA tərəfindən təşkil edilən peşə hazırlığı təlimlərinə cəlb olunub. Təlim prosesini uğurla başa vuran 2 xanım ötən ilin noyabr ayından etibarən “BakuBus” MMC-də avtobus sürücüsü kimi fəaliyyət göstərir.


Qadınların sürücü peşəsinə marağının artması cari ildə də müşahidə edilir. Belə ki, 2026-cı il ərzində avtobus sürücüsü vəzifəsi üzrə 50 qadın müraciət edib. Hazırda onların 14-ü AYNA tərəfindən təşkil edilən təlim proqramında iştirak edir. Təlim prosesi davam edir və proqramı uğurla başa vuran namizədlərin “BakuBus” MMC-nin  sürücü heyətinə qoşulması nəzərdə tutulur”.

Məlumata görə, hazırda fəaliyyət göstərən qadın sürücülərin iş təcrübəsi göstərir ki, onların ictimai nəqliyyat sahəsində təmsilçiliyinin genişlənməsi sürücü-sərnişin münasibətlərinin inkişafına, xidmət mədəniyyətinin daha da gücləndirilməsinə və peşəyə marağın artmasına müsbət təsir göstərir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin