Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Hazırda oxunan: Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

621420

Almaniya hökumətinin ekspertləri ölkənin pensiya sistemində inqilabi dəyişiklikləri nəzərdə tutan genişmiqyaslı islahat layihəsi hazırlayıblar. Layihədə diqqətçəkən ən əsas məqamlardan biri əsrin sonuna qədər pensiya yaşının mərhələli şəkildə 70-ə qaldırılması təklifidir.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, rəsmi ekspert qrupu tərəfindən hazırlanan islahat paketi artıq iyunun 23-də baxılması üçün Nazirlər Kabinetinə təqdim olunmalıdır. Sənəddə 2090-cı illərə qədər pensiya yaşının mərhələli şəkildə 70-ə çatdırılması və hazırda qüvvədə olan 63 yaşından tam pensiyaya çıxma imkanının ləğv edilməsi təklif olunur.

İslahat layihəsində yer alan digər mühüm yeniliklər bunlardır:

Yeni yığım sistemi: Mövcud icbari pensiya sığortası modelini tamamlayacaq yeni yığım sisteminin yaradılması təklif olunur. Bu sistem ilk mərhələdə əməkhaqqının 1%-i, növbəti mərhələdə isə 2%-i həcmində əlavə ayırmalar hesabına formalaşacaq və dövlət fondu vasitəsilə investisiya ediləcək. Vəsaitin yarısını işəgötürən, yarısını isə işçi ödəyəcək.

Əhatə dairəsinin genişləndirilməsi: Pensiya sığortasından azad olan və "Minijob" adlandırılan kiçik iş yerlərinin əksəriyyətinin ləğv edilməsi, həmçinin özünüməşğul şəxslərin və parlament üzvlərinin (deputatların) icbari pensiya sisteminə daxil edilməsi qeyd olunub.

"Pensiya əyləci" (Rentenbremse): Hər il pensiyaların artırılmasını fonda pul ödəyən sığortaolunanların sayının artım tempinə uyğunlaşdıran mexanizm tətbiq olunacaq. Bu, gələcəkdə sığorta haqlarının kəskin artmasının qarşısını alacaq, lakin eyni zamanda təqaüdlərin illik artım tempini bir qədər yavaşladacaq.
 

Qeyd edək ki, hazırda Almaniyada pensiya yaşının 65-dən 67-yə qaldırılması prosesi gedir və bu, 2030-cu illərin əvvəlinə qədər başa çatmalıdır. Eyni zamanda, ən azı 35 il stajı olan şəxslər üçün 63 yaşından erkən təqaüdə çıxmaq hüququ qorunur.


Hazırda yalnız muzdlu işçilər pensiya fonduna pul ödəyirlər (tarif 18.6%-dir, yarıbayarı bölünür), dövlət qulluqçuları və özünüməşğul şəxslər isə bundan azaddırlar. Nəticədə işləyən əhalinin yalnız 79%-i fonda vəsait köçürür. Rəy sorğularına görə isə, ölkə sakinlərinin 42%-i gələcək qocalıq illəri üçün şəxsi heç bir yığım etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin