Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq fonunda Türkiyə–Ermənistan münasibətlərinin normallaşması prosesi həssas və çoxqatlı siyasi balans üzərində qurulub. Bu prosesin əsas dayağı isə dəyişməz olaraq Azərbaycan faktorudur. Regionda müharibədən sonra yaranmış yeni nizam, sülh təşəbbüsləri və kommunikasiya xətlərinin açılması perspektivi Ankara ilə İrəvan arasında dialoqu zəruri edib. Ankara-İrəvan xəttində normallaşma Bakı ilə sinxronlaşdırılmış qaydada aparılır.
Lakin bu dialoqun mahiyyəti və istiqaməti ilə bağlı son günlərdə səsləndirilən bəzi bəyanatlar ciddi suallar doğurur. Məhz bu kontekstdə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvanda verdiyi açıqlama haqlı suallar və təəssüf doğurur.
"İrəvanda özümü evimdəki kimi hiss edirəm" – Sərdar Kılıç
Bu başlığı görəndə ilk olaraq məsələyə pozitiv baxmaq mümkündür. Düşünmək olar ki, İrəvan tarixi Azərbaycan, türk torpağıdır deyə türkiyəli diplomat belə bir fikir səsləndirib. Ancaq açıqlamanın davamını oxuduqda məsələnin heç də xoşməramlı olmadığı üzə çıxır:
"Ermənistan və Türkiyə arasında normallaşma prosesinə başladığımız zaman, mən erməni həmkarıma çoxsaylı təkliflər etdim və onların heç biri Türkiyəyə fayda gətirmək məqsədi daşımırdı. Mənim əsas məqsədim erməni xalqının rifahına və daha yaxşı gələcəyinə töhfə vermək idi".
Təkrarən qeyd etməkdə fayda var. Bu açıqlamanı verən Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyil, Sərdar Kılıçdır.
Diplomatiyanın sərhədləri harada bitir?
Kılıçın İrəvanda verdiyi açıqlama təkcə diplomatik jest deyil, daha dərin siyasi məna daşıyan bir “özünüifşa”dır. Kılıcın səsləndirdiyi fikir diqqət çəkir və mübahisəyə yer qoymur:
“Verdiyim təkliflərin heç biri Türkiyənin xeyrinə deyildi, əsas məqsədim erməni xalqının rifahı idi.”
Bu ifadə diplomatik ritorikaya heç bir halda sığa bilməz. Dövlətin rəsmi nümayəndəsi faktiki olaraq etiraf edir ki, o, danışıqlar prosesində təmsil etdiyi ölkənin maraqlarını prioritet hesab etməyib. Bu isə klassik diplomatiyanın fundamental prinsipinə – milli maraqların qorunması prinsipinə ziddir.
Diplomatiya kompromis sənətidir, lakin kompromis heç vaxt birtərəfli olmur. Əgər bir tərəf açıq şəkildə öz maraqlarını arxa plana keçirdiyini bəyan edirsə, bu artıq kompromis deyil – bu, balansın pozulmasıdır.
17 il əvvəl baş verənlər
Kılıcın yanaşması istər-istəməz 2009-cu ildə imzalanmış Sürix protokollarını xatırladır. Həmin dövrdə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmışdı. Proses beynəlxalq aləmdə hətta “tarixi barış” kimi təqdim olunurdu.
Nəticə isə hər birimizin yaxşı xatirindədir. Ermənistan öz ritortikasını dəyişmədi, bütün platformalarda “soyqırımı” iddialarını təkrarlamağa davam etdi. Yekunda proses təbii olaraq iflasa uğradı.
Bu, diplomatiyada klassik “asimmetrik güzəşt” nümunəsi kimi tarixə düşdü. Yəni bir tərəf addım atdı, digər tərəf isə eyni adekvat reaksiyanı vermədi. Belə olan halda hər hansı nəticənin olmaması təəccüb doğurmur.
İndi də reallıq dəyişməyib. Yenə də Ermənistan nümayəndələri beynəlxalq platformalarda Türkiyə əleyhinə çıxışlarına davam edir, hər fürsətdə qondarma “soyqırımı”nın təbliğatını aparırlar. Hətta Avropa Siyasi Birliyinin son tədbirində də iştirakçıları saxta “soyqırımı” abidəsinə aparmağı unutmadılar.
Bu situasiya fonunda Kılıç öz açıqlamaları ilə yenə də təktərəfli güzəşt arzusunda olduğunu nümayiş etdirir.
Kılıçın unutduğu yandırılan Türkiyə bayraqları
Kılıcın bu açıqlaması təsadüfi zamanda səslənməyib. Bir neçə gün əvvəl qondarma “erməni soyqırımı”nın ildönümündə Kılıçın evi hesab etdiyi İrəvanda Türkiyə bayrağının yandırılması hadisəsi baş verdi. Həmin qondarma soyqırımına həsr olunan abidə də Kılıçın “mənəvi evi”ndə, İrəvanda yerləşir.
Belə bir mühitdə “erməni xalqının rifahı”nı prioritet kimi təqdim etmək reallıqla ziddiyyət təşkil edir. Çünki qarşı tərəfin rəsmi və qeyri-rəsmi diskursunda Türkiyəyə qarşı düşmənçilik ritorikası hələ də sistemli şəkildə mövcuddur. Bu isə Kılıçın jestlərinin qarşılıqlı olmadığını, özünün də dediyi kimi erməni xalqının rifahına xidmət etdiyini göstərir.
Şəxsi təcrübə dövlət maraqlarının önünə keçəndə
Kılıçın erməni sevgisinin şəxsi təcrübəsindən irəli gəldiyini təxmin etmək o qədər də çətin deyil. Sərdar Kılıç Türkiyənin Livanda və ABŞ-dakı səfirlikdə çalışıb. Ermənilərlə mehriban münasibətləri də məhz oradan başlayıb, inkişaf edib, “özünü İrəvanda ev sahibi kimi hiss etmək” həddinə çatıb.
Ermənilərə sevgi, hörmət bəsləmək Sərdar Kılıçın şəxsi işidir. Amma İrəvanda jurnalistlərə açıqlama verən Türkiyə vətəndaşı Sərdar Kılıç deyil, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç idi. Bu “qırmızı xətti” tapdalamaq diplomat üçün bağışlanmaz səhvdir. Çünki dövlətlərarası münasibətlər şəxsi simpatiyalar üzərində qurulmur, strateji maraqlar əsasında formalaşır.
Əks halda diplomatiya institusional mexanizm olmaqdan çıxıb fərdi hisslərin təsiri altına düşər. Bu isə artıq siyasət deyil, subyektiv yanaşmadır.
Yeni mərhələ, yoxsa köhnə səhvlərin təkrarı?
Cənubi Qafqaz bu gün yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə sülh mümkündür, lakin bu sülh yalnız balanslı və realist siyasət üzərində qurulduqda davamlı ola bilər.
Serdar Kılıcın son bəyanatları zahirdə diplomatik fəallıq təsiri yaratsa da, mahiyyət etibarilə riskli bir yanaşmanın siqnallarını verir. Siyasi yaddaş selektiv işlədikdə, yəni yalnız uyğun gələn məqamlar ön plana çəkildikdə, real problemlər kölgədə qalır və nəticədə süni optimizm formalaşır. Halbuki diplomatiya emosional təsəvvürlər üzərində deyil, konkret güc balansı və sərt reallıqlar üzərində qurulur. Bu reallıqları nəzərə almayan hər bir yanaşma isə gec-tez öz ziddiyyətləri ilə üz-üzə qalır və uğursuzluğa düçar olur.
Eynilə 17 il əvvəl “Sürix protokolları”nda olduğu kimi...
Sərdar Kılıç bu tarixi təcrübəni də, hətta milli kimliyini də unutmuş ola bilər. Ancaq tarix nə öz təcrübəsini, nə də milli kimliyini unudanları unudacaq...
Bizim.Media-nın analitik qrupu


































































































