Həyatın qaçılmaz reallığı olan ölümü təxirə salmaq mümkün olmasa da, onun qadağan edilə biləcəyinə dair istisnalar mövcuddur.
Bizim.Media xəbər verir ki, dünyanın ən soyuq guşələrindən biri olan Norveçin Lonqyirbyen şəhərində ölüm rəsmi olaraq qadağandır.
Hətta ölümcül xəstəliyi olan və ya yaşlı xəstələr belə şəhərdən çıxarılır. Arktikanın mərkəzində yerləşən bu qeyri-adi yaşayış məntəqəsində “ölmək” texniki olaraq 1950-ci ildən bəri qadağandır. Bu qərar elmi fantastika filmindən çıxmış kimi səslənsə də, arxasında ciddi bir elmi səbəb dayanır. Lonqyirbyendə hava o qədər soyuqdur ki, yer “daimi buzlaq” vəziyyətindədir və buna görə də cəsədlər çürümür.
1918-ci il İspan qripi pandemiyası zamanı ölənlərin qalıqları illər sonra araşdırıldıqda, virusun daimi buzlaq sayəsində hələ də canlı olduğu aşkar edilib. Şəhər rəhbərliyi mümkün epidemiyaların qarşısını almaq üçün yeni dəfnləri yerli qəbiristanlıqda qadağan edib.
Buna görə də əgər bir şəxs ölümcül xəstəliyə tutularsa və ya qocalıq əlamətləri göstərirsə, onu təyyarə ilə Norveçin başqa ərazisinə göndərirlər. Orada ölən insanlar dəfn olunur. Beləliklə, Lonqyirbyen yalnız “dirilər” üçün nəzərdə tutulmuş sığınacaqdır.
Lonqyirbyenin qəribəlikləri bununla bitmir. Şəhərdə hotelə, muzeyə və ya kafeyə girərkən ayaqqabılar qapıda qoyulmalıdır; bu, kömür tozunun içəri gətirilməməsi üçün mədən dövrlərindən qalan bir ənənədir. Şəhər hüdudlarından kənara çıxan hər kəs yanında tüfəng götürməlidir, çünki bölgədə təxminən 2000 sakin qədər ağ ayı mövcuddur.
Həmçinin, qış aylarında 4 ay davam edən Qütb Gecəsi, yayda isə 4 ay heç batmayan Gecəyarısı Günəşi şəhərin gündəlik həyatına təsir edir. Ekosistemi və nadir quş növlərini qorumaq məqsədilə pişik saxlamaq qadağandır; sakinlər ev heyvanı ehtiyaclarını itlərlə ödəyirlər.
Lonqyirbyen ekstremal iqlimi və unikal qaydaları ilə dünyanın ən qəribə və fərqli şəhərlərindən biri kimi diqqət çəkir. (qafqazinfo.az)



Bizim.Media



































































































