Parlamentdən qanunlara sensasiyalı dəyişikliklər

Hazırda oxunan: Parlamentdən qanunlara sensasiyalı dəyişikliklər

44707
Parlament dünənki iclasında bir sıra qanun və məcəllələrə dəyişiklik edilib. Cinayət Prosessual Məcəlləsinə dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, CPM-ə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi: "48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu müddət 3 gündür. Elə ölkələr var ki, orada müddət 6 gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın". 
CPM-in 148.7 maddəsinə edilmiş əlavəyə əsasən, adam öldürmə, casusluq, vətənə xayanət, terrorçuluq və s. cinayətlər törətmiş şəxslərin şübhəli şəxs qismində saxlanması müddəti 48 saatdan sonra daha 48 saat uzadıla bilər.  
Deputat Qüdrət Həsənquliyev dəyişikliyi dəstələdiyini bildirsə də, bu cinayətlərin sırasına 169-cu maddənin salınmasını absurd adlandırıb. " Cinayət Prosessual Məcəlləsinin 148.7-ci maddəsində Cinayət Məcəlləsinin 169-cu maddəsilə bağlı, yəni toplantıları keçirmə qaydasını pozmağa görə nəzərdə tutulmuş dəyişikliklə razı deyiləm. Məsələnin mahiyyəti nədən ibarətdir? Əvvəla mən hörmətli millət vəkillərinin, eləcə də komitə sədrinin diqqətinə çatdırmaq istəyirəm ki, toplantıların keçirilməsi qaydası ilə bağlı 169-cu maddə insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulub. Əslində toplantının keçirilməsi elə insan və vətəndaşın konstitusion hüququdur. Yəni onun azadlığı əleyhinə olan cinayətlər fəslinə belə bir maddənin salınması hesab edirəm ki, doğru deyil və bu ümumiyyətlə Cinayət Məcəlləsindən çıxarılmalıdır". 
Millət vəkili qeyd etdi ki, toplantının keçirilməsi qaydasını pozan şəxslərə qarşı inzibati hüquq pozmaları haqqında məcəllədə cərimə və inzibati həbs qaydasında cəza nəzərdə tutulur: "Buna görə cinayət məsuliyyətinin nəzərdə tutulması hesab edirəm ki, absurddur. Bundan başqa 148.7-ci maddədə toplantıların keçirilməsi qaydası ilə bağlı dəyişikliklərə görə iki gün müddətində ittiham elan oluna bilmirsə, yəni saxlanılan şəxs məhkəməyə çıxarıla bilmirsə, bu halda müddət prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə daha gün uzadıla bilər. Amma nəzərə almaq lazımdır ki, 169-cu maddə alternativ sanksiyalı normadır. Burada cərimə də nəzərdə tutulur, iki ilədək müddətə islah işləri də, azadlıqdan məhrumetmə növündə cəza da. Ağır cinayətləri, məsələn, qəsdən adam öldürmə, terrorçuluq, adamları girov götürmə, banditizm, dəniz quldurluğu, kütləvi iğtişaş və s. - bunları başa düşmək olar. Amma bu 169-cu maddənin bura salınmasını mən şəxsən başa düşə bilmirəm. Tutaq ki, tutulan şəxs 4 gün saxlanılır, bəlkə ona məhkəmə cərimə təyin edəcək. Əgər alternativ sanksiyalı normadan söhbət gedirsə, ümumiyyətlə prokurorluq orqanlarına da, digər istintaq orqanlarına da, məhkəmələrə də tövsiyyə olunmalıdır, lazımdırsa qanunvericilik qaydasında da bu əksini tapmalıdır ki, alternativ sanksiyalı normalarla bağlı ümumiyyətlə ibtidai istintaq dövründə həbs qətimkan seçilməsin. Ona görə də təklif edirəm ki, 169-cu maddə ilə bağlı müddəa buradan çıxarılmalıdır. 169-cu maddənin 2-ci hissəsində göstərilir ki, toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu, soyuq silah, yaxud partlayıcı maddələr və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşayaları gəzdirmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 
Qüdrət Həsənquliyev xatırlatdı ki, onsuz da Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə cinayətlərlə bağlı ayrıca maddə var: "228-ci maddədə odlu silah, soyuq silah, partlayıcı maddələr saxlamağa görə məsuliyyət nəzərdə tutulur. Yəni bu halda əlavə olaraq 169-cu maddənin Cinayət Məcəlləsində ümumiyyətlə bir norma kimi nəzərdə tutulmasına ehtiyac yoxdur. Bu həm də ona imkan verir ki, bəzi bizim əleyhimizə olan və bəhanə axtaran beynəlxalq qurumlar Azərbaycanı yersiz və əsassız şəkildə tənqid etsinlər. Ona görə də mən ağır olmayan cinayətlərlə bağlı 169-cu maddənin bura salınmasının əleyhinəyəm və təklif edirəm ki, toplantıların keçirilmə qaydasını pozma ilə bağlı məsuliyyət nəzərdə tutan maddə nəinki Cinayət Prosessual Məcəlləsinin 148.7-ci bəndinə daxil edilməməlidir, həm də ümumiyyətlə Cinayət Məcəlləsindən çıxarılmalıdır".
Fazil Mustafa isə Cinayət Məcəlləsində dəyişikliyi başa düşülən saysa da, İnzibati-Xətalar Məcəlləsində saxlanma müddətinin 48 saat qaldırılmasına ehtiyac olmadığını bildirdi.
Deputat Çingiz Qənizadə isə dəyişikliklərə münasibətinin müsbət olduğunu bildirdi. Onun fikrincə, müddətin uzadılması təqsirləndirilən şəxslərin marağındadır: “Onlar istədikləri şəxs ilə müdafiə naminə müqavilə bağlaya biləcəklər. Bəzən tutulma  həftə sonuna düşür və şəxs istədiyi şəkildə müdafiə oluna bilmir. Əslində, bu dəyişiklikər ağır və xüsusilə ağır cinayətlərə şamil edilir və orada işin yükü daha çox ağır olur. Bəzən inzibati xəta törədən çoxlu adam olur, onların hamısının sənədləşməsini qısa müddət ərzində aparmaq mümkün olmur. Bu baxımdan, müddətin 48 saata qədər uzadılması müsbət haldır”.
Qeyd edək ki, həm Cinayət Məcəlləsinı , həm də İnzibati Xətalar məcəlləsində müddətlərinin uzadılması ilə bağlı təkliflər prezidentdən gəlib.
CPM-ə 159-1. (Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi) maddəsi əlavə edilib. Qeyd olunur ki, İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər.

Bizimyol.info
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin