Bugünlərdə saytımıza açıqlama verən Ələkrəm Hümbətov Azərbaycanda milli azlıqlara, xüsusilə də talışlara arzuedilməz münasibətin mövcudluğu fikrini ifadə edib. Talış məsələsində Azərbaycan xalqının, iqtidar və müxalifətinin vahid mövqe sərgilədiyini iddia edən Ə.Hümbətov, Milli Şurada da milli azlıq nümayəndələrinin təzyiqə məruz qaldığını bildirib. Ə.Hümbətovun sözlərinə görə, Milli Şura özünü demokratik qurum kimi təqdim etsə də, baş verənlər bu təşkilat daxilində də milli azlıqlara dözümlü münasibətin olmadığını göstərir.
Ə.Hümbətovun məlum fikirləri ilə bağlı Moderator.az-a açıqlama verən Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bütün bu ittihamların əsassız olduğunu qeyd edib:
“Hesab edirəm ki, Ə.Hümbətov tərəfindən irəli sürülən bu fikirlər tamamilə əsassızdır. Onun həm Azərbaycan türkləri və talışlar arasındakı münasibətlə bağlı səsləndirdiyi fikirlər, həm də Milli Şura haqında irəli sürdüyü fikirlər düzgün deyil. Azərbaycanda nə müxalifət, nə də dövlət səviyyəsində hər hansı azsaylı xalqa qarşı diskriminasiya siyasəti yoxdur. Azərbaycanda olan problemlər ölkədə yaşayan bütün xalqlara eyni dərəcədə məxsusdur. Hətta dərinə getsək, daha böyük toplum olan Azərbaycan türklərinin hüquqlarının daha çox tapdalandığı ortaya çıxar. Bununla bağlı kifayət qədər statistika aparmaq mümkündür. Azərbaycanda mövcud olan sosial-iqtisadi, mədəni və siyasi problemlərin kökü milli ayrı-seçkilikdən qaynaqlanmır. Bunun bir səbəbkarı var ki, bu da mövcud hakimiyyətdir.
Milli Şura haqqında səsləndirilən fikirlər də doğru deyil. Milli Şurada heç bir şəxsə dini, irqi, milli, siyasi baxışlarına görə fərq qoyulmayıb. Bununla bağlı heç bir nümunə yoxdur və ola da bilməz. Ə.Hümbətovun nəzərdə tutduğu şəxs də Milli Şurada hər hansı bir xalqın nümayəndəsi kimi təmsil olunmayıb. Ictimai-siyasi fəal kimi qoşulub. Həmin şəxs Mehdibəy Səfərovdur ki, daha sonra o, öz istəyi ilə də Milli Şuranı tərk edib. Milli Şura tərəfindən hər hansı bir şəxsə qarşı diskriminasiya siyasəti yoxdur, olmayıb və inanıram ki, bundan sonra da olmayacaq. Xüsusilə də insanların milli mənsubiyyətinə görə arzuedilməz münasibətə məruz qalmasından söhbət belə gedə bilməz. Milli Şura demokratik bir təşkilatdır. Bu təşkilat Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin reallaşmasını qarşısına məqsəd qoyub. Bizim üçün Azərbaycan unitar bir dövlətdir və orada yaşayan bütün insanlar irqindən, cinsindən, dinindən asılı olmayaraq bərabərdir. Hesab edirəm ki, Ə.Hümbətovun fikirləri insanları, xalqları üz-üzə qoyan fikirlərdir. Mən ondan bu müsahibəni götürən şəxsə də təşəkkür edirəm. Çünki o, müsahibə zamanı Ə.Hümbətova çox gözəl suallar verib. Hansı ki, bu suallarda onun məlum mövqeyinin əksini göstərən kifayət qədər məqamlar var. Hesab edirəm ki, Ə.Hümbətovun bu kimi fikirlərinin Azərbaycan cəmiyyətində yeri yoxdur və olmamalıdır da”.
Seymur Əliyev





































































































