Rusiyalı işğalçılar Ukrayna tərəfinin mümkün desant çıxarma əməliyyatına hazırlıq məqsədilə müvəqqəti işğal altındakı Krımda müdafiə xətlərini gücləndirirlər. Baxmayaraq ki, belə bir əməliyyat Ukrayna Müdafiə Qüvvələri üçün kifayət qədər mürəkkəb və riskli olaraq qalır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Dmitri Pletençuk "The Kyiv Independent" nəşrinə müsahibəsində bildirib.
Müasir sıx hava hücumundan müdafiə və gəmiəleyhinə sistemlərin mövcud olduğu şəraitdə desant katerlərindən istifadənin nə dərəcədə məntiqli olması barədə suala cavab verən zabit bu cür əməliyyatların dövrünün hələ bitmədiyini vurğulayıb:
"Belə bir aksioma var: piyada əsgərinin ayağı dəyməyənə qədər həmin ərazi azad olunmuş sayılmır. Biz mütəmadi olaraq desant əməliyyatları üzrə təlimlər keçiririk".
Onun sözlərinə görə, Rusiya bu təhlükəni tamamilə ciddi qəbul edir. İşğalçılar Krımın desant çıxarılması üçün ən həssas və əlverişli olan sahil sahələrini fəal şəkildə möhkəmləndirirlər, çünki bu ssenarini tam real hesab edirlər.
"Ümid edirəm ki, hələ desant əməliyyatlarımız olacaq. Hər halda, mən şəxsən belə bir çıxış baş tutacağı təqdirdə iştirak etmək üçün artıq adımı yazdırmışam", – deyə Pletençuk qeyd edib.
HDQ rəsmisi əlavə edib ki, komandanlıq dəniz desantını heç vaxt ayrıca, müstəqil əməliyyat kimi nəzərdən keçirmir. İstənilən quruya çıxarma fəaliyyəti Krımın işğaldan azad edilməsi üçün lazımi şərait yarandığı zaman həyata keçiriləcək daha genişmiqyaslı hərbi əməliyyatın vahid planının yalnız bir hissəsi olacaq.
Xatırladaq ki, 2023-cü ilin avqustunda Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) və HDQ döyüşçüləri Krımın Tarhankut burnundakı Mayak yaşayış məntəqəsi yaxınlığında uğurlu desant çıxararaq rusların canlı qüvvə və texnikasına ciddi zərbə vurmuşdular.
Eyni zamanda, yarımadanı Rusiyaya bağlayan körpülərə endirilən silsilə zərbələrdən sonra Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") bildirib ki, onun bölmələri hazırda Krımı Rusiyadan tamamilə təcrid etmək (logistik bağları qoparmaq) üzərində işləyir.
Bizim.Media


































































































