Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Milli Şuranın üzvü Arif Hacılı "Mediaforum"a müsahibə verib.Moderator.az həmin müsahibəni təqdim edir:
- Müsavat Divanı başqa müxalif partiyalarla Milli Şura məsləhətləşmələri aparmaq qərarı verib. Məsləhətləşmələr başlayıbmı?
- Bu qərar yalnız Milli Şura ilə bağlı deyil. Biz müxalifətin, demokratik qüvvələrin əməkdaşlıq və müttəfiqlik perspektivlərini müzakirə etmək barədə qərar vermişik. Yəqin ki, bu həftənin sonunadək görüş və müzakirələrin vaxtını müəyyənləşdirəcəyik. İlk növbədə Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə müzakirələrimiz olacaq.
- Müsavat Partiyası bu müzakirələrin yekunu olaraq nə qərar qəbul edə bilər?
- Biz demokratik qüvvələrin bir arada olmasına tərəfdarıq. Azərbaycanın gələcək inkişafına münasibətdə Müsavat Partiyası ilə ən azı qismən eyni mövqedən çıxış edən siyasi qüvvələrlə əməkdaşlığı, imkan daxilində müttəfiqliyi qoruyub saxlamağın, inkişaf etdirməyin tərəfdarıyıq. Həm ikitərəfli əməkdaşlıq və müttəfiqlik münasibətlərinin, həm də çoxtərəfli əməkdaşlıq və müttəfiqlik münasibətlərinin perspektivi barədə müzakirələr aparmaq niyyətindəyik. Bu müzakirələrin uğurlu olacağını düşünürük. Təbii ki, nəticələr müzakirələrdən sonra məlum olacaq.
- Müzakirələrin nəticələrindən razı qalmasanız, Müsavat Partiyası Milli Şuradan çıxacaqmı?
- Milli Şuranın daxilində olan bəzi qüvvələr Müsavatın qurumdan çıxmasını istəyir. Təəssüflə qeyd etmək lazımdır ki, əvvəldən etirazlarımıza baxmayaraq bir sıra anti-Müsavat qüvvələr Milli Şuraya cəlb olundu və onlara şura üzvü kimi yüksək status verildi. Ona görə hazırda Milli Şurada Müsavata qarşı əks mövqenin də olduğu, bir sıra qüvvələrin və təşkilatların bizi qurumdan çıxmağa təhrik etdiyi göz önündədir. Təəssüf ki, şuranın yaradılmasının təşəbbüskarı olan Rüstəm İbrahimbəyovun mövqeyi də Müsavat Partiyasına qarşı bu cür davranan siyasi qüvvələrin mövqeyinə yaxındır. Bütün bunlara görə bu məsələyə ciddi yanaşırıq, partiya strukturlarında bununla bağlı müzakirələr başlayıb. İstənilən halda demokratik qüvvələrlə əməkdaşlıq və müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına tərəfdarıq. Bu münasibətlər Milli Şura çərçivəsində də, ondan kənarda da ola bilər.
- Milli Şuranın necə, qorunub saxlanmasına tərəfdarsınızmı?
- Əlbəttə, bu məqsədlə bir sıra təkliflər irəli sürmüşük. Milli Şuranın yaradılmasında əsas rol oynayan partiyalardan biri Müsavat olub. Milli Şura daha çox 2013-cü ilin prezident seçkisində vahid namizədlə iştirak məqsədilə yaradılmışdı. Biz Müsavat Partiyası olaraq bütün resurslarımızı seçki prosesinə cəlb etdik. Tam məsuliyyətlə deyirəm ki, Cəmil Həsənlinin seçki kampaniyasının təşkilində digər təşkilatlardan daha çox əmək, resurs sərf edən və bu seçki kampaniyasında uğur qazanılmasına ən çox töhfə verən Müsavat oldu. Bundan sonra da real hədəflər uğrunda real siyasi qüvvələrlə birlikdə fəaliyyət göstərmək niyyətindəyik.
Sadəcə, Milli Şuranın özünün fəaliyyətinə maneə törədən qüvvələrin müxalifətin ən geniş koalisiyası adı altında siyasi prosesə cəlb olunmasının əvvəlcədən əleyhinə olmuşuq, indi də əleyhinəyik. Hesab edirəm ki, bizim mövqeyimiz indi həm siyasi qüvvələr, həm cəmiyyət arasında daha inandırıcı və daha real görünür. Çünki bizim Milli Şurada olmağını arzulamadığımız, müxalifətin ümumi birliyinə qoşulmasını istəmədiyimiz qüvvələr nəinki Cəmil Həsənlinin seçki kampaniyasına yardım etmədilər, hətta ciddi maneələr törətdilər. Seçki kampaniyasından sonrakı dövrdə də bu qüvvələr müxalifətin birgə fəaliyyəti ilə bağlı pozucu əməllərini davam etdirməkdədirlər. Ona görə yaxın zamanda ölkədə seçki gözlənmədiyini nəzərə alaraq daha səmərəli iş apara biləcək qüvvələrin bir arada olmasına səy göstəririk. Əminəm ki, Müsavat Partiyası buna nail olacaq.
- Milli Şura yaradılanda Müsavat Partiyası Liberal Partiyasının birliyə daxil olmasının əleyhinə çıxırdı. Artıq Liberal Partiyası şuranı tərk edib. Başqa hansı qüvvələrin Milli Şurada olmasını istəmirsiniz?
- Bu məsələlərə konseptual yanaşmanın tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın gələcək inkişafına eyni cür yanaşan siyasi qüvvələrin və ümumi siyasi prosesə töhfələr vermək əzmində olan siyasi qüvvələrin birliyi daha səmərəlidir. Bəzən bizim işlətdiyimiz “real siyasi qüvvələr” sözündən istifadə edərək guya Müsavat Partiyasının yalnız özünü real siyasi qüvvə saydığını və ya özündən başqa yalnız AXCP-ni bu cür gördüyünü iddia edirlər. Milli Şurada ölkənin heç də hər yerində strukturu olmayan, deyək ki, Müsavatla müqayisədə belə strukturları dəfələrlə az olan “Nida” hərəkatı təmsil olunur. Ancaq “Nida” real siyasi qüvvə kimi fəaliyyət göstərir və seçki kampaniyası dövründə özünün bütün resurslarını seçki işinə yardım etməyə yönəltmişdi. Söhbət məhz pozuculuqla məşğul olmayan, ümumi işə dəstək verən siyasi qüvvələrdən gedir. Təəssüf ki, Milli Şurada Liberal Partiyası, Açıq Cəmiyyət Partiyasından başqa da heç bir real siyasi fəaliyyətlə məşğul olmayan, əksinə, müxalifət daxilində dedi-qodu, intriqa yaradan, müxalifətin ümumi siyasi xəttinə uyğun gəlməyən təşkilatlar və ayrı-ayrı şəxslər olub, bəziləri indi də qalmaqdadır. Elə Milli Şuranın son sessiyasında yaranmış vəziyyət məhz bu cür qüvvələrin orada qalmasının nəticəsi idi.
- Həmin qüvvələr hansılardır, kimlərdir?
- Mövqeyimi kifayət qədər konkretləşdirdim. Bundan artıq konkretləşmə indi gedən siyasi prosesə mane ola bilər. Bu məsələləri dərindən analiz edəndə Azərbaycanda çox yaxın zamanda keçirilmiş seçki prosesində real fəaliyyətlə məşğul olan qüvvələri bu prosesə mane olan qüvvələrdən ayırd etmək mümkündür.
- Xeyir verənləri görürdük. Amma işlər bir qədər dolaşıq olduğu üçün maneə törədənləri ayırd etmək mümkün olmadı...
- Müxalifət daxilində yaradılmış bu qarışıqlıq təsadüfi deyil. Azərbaycan hakimiyyəti milyonlarla vəsait xərcləyərək cəmiyyətdə qarışıqlıq yaratmağa nail olub. Hakimiyyət istər vətəndaş cəmiyyəti daxilində, mətbuatda, istərsə də siyasi qüvvələr arasında qarışıqlıq yaratmaqla onların səfərbər olub normal fəaliyyət göstərməsinə imkan vermir. Hakimiyyət bu qüvvələr arasında nifaq yaratmaqla xalqın səfərbər olub haqsızlığa, ədalətsizliyə qarşı daha effektiv mübarizə aparmasına da mane olur. Müsavat Partiyasının son dövrlərdə qəbul etdiyi qərarlar da bu suallara aydınlıq gətirmək, bu qarmaqarışıqlığa son qoymaq məqsədi daşıyır.
- Milli Şurada hakimiyyətin gizli qərarlarını icra edən qüvvələr var?
- Şübhəsiz.
- Bu qüvvələrin kimliyi Müsavat Partiyasına məlumdurmu?
- Məlumdur. Əslində, Azərbaycan cəmiyyətinə də məlumdur. Təəssüf ki, çoxları bu cür məsələləri görməzliyə vurur.
- EL hərəkatını nəzərdə tutursunuz?
- Əgər hansısa qurumun adını çəkməyimi, ittiham etməyimi istəyirsinizsə, bunu etməyəcəm. Bu bizim ümumi işimizə xeyir gətirməyəcək. Azərbaycanda demokratik siyasi qüvvələrin, müxalifətin birliyi dedikdə ilk növbədə Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy yoluna bağlı olan Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi partiyalarının, EL hərəkatının, “Nida”nın və digər gənclər təşkilatlarının birliyi nəzərdə tutulmalıdır. Biz bu istiqamətdə fəaliyyətimizi indi də davam etdiririk.
- Arif bəy, Milli Şuradakı siyasi qüvvələrin, demək olar, hamısının adını çəkdiniz. Müsavatın narazılığı şuranın bitərəf üzvlərindəndir?
- Milli Şurada birgə fəaliyyətin alınmamağının bir çox səbəbi var. Şurada fəaliyyət düzgün qurulmayıb. İlk dövrdən Milli Şura daxilində yaradılan strukturlar, bəzilərinin ayrı-ayrı strukturlara rəhbərlik etməsi ilə bağlı məsələlər qurumun səmərəli fəaliyyətinə imkan vermədi. İcra Aparatının fəaliyyəti səmərəli olmadı. İndi də İcra Aparatı ləğv olunur. Qurumun strukturunun formalaşmasında bizim təkliflərimizin nəzərə alınmamağı yenə də Milli Şuranın səmərəli fəaliyyət göstərməsinə imkan yaratmayacaq.
Milli Şuranın səmərəli fəaliyyətinə nail olmaq üçün onun əsasını təşkil edən siyasi qüvvələrin qarşıda duran hədəfləri birlikdə müəyyənləşdirməsi, Milli Şuranın strukturunun formalaşmasında, fəaliyyət istiqamətlərinin müəyyənləşməsində birlikdə iştirak etməsi zəruridir. Təəssüflə qeyd etmək lazımdır ki, bu istiqamətdə verilən təkliflərimiz qulaqardına vurulub. Bir daha deyim ki, Milli Şuranın tərkibində hətta Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşan, Azərbaycanın gələcəkdə demokratik dövlət kimi inkişaf etməsi, ölkədə demokratik cəmiyyətin qurulması fikrini belə qəbul etməyən qüvvələr qalmaqdadır. Milli Şuranın tərkibində heç bir əməli fəaliyyət qabiliyyəti olmayan və ya hansısa səbəblərdən real bir fəaliyyətlə məşğul olmaq istəməyən çoxlu adam var. Milli Şurada yaranmış bugünkü böhranın səbəbi məhz bu istiqamətdə bizim zaman-zaman irəli sürdüyümüz, həm təşkilatdakıların diqqətinə, həm də mətbuat vasitəsilə bütövlükdə Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdığımız təkliflərin nəzərə alınmamasıdır.
- Dediniz məsləhətləşmələr yalnız Milli Şura ilə bağlı deyil. Amma təbii ki, həmin məsləhətləşmələr daha çox Milli Şura ilə bağlıdır. Məsləhətləşmənin aparılması qərarı da şurada yaranmış fikir ayrılığından, böhrandan sonra qəbul edilib. Məsləhətləşdiyiniz siyasi qüvvələrdən istəyiniz nə olacaq?
- Konkret təkliflər hazırlamışıq. Təkliflərin bir hissəsini dedim, amma hamısını açıqlaya bilmərəm. Hesab edirəm bu tipli məsələlər mətbuat vasitəsilə yox, ikitərəfli və çoxtərəfli dialoq yoluyla müzakirə edilməli, cilalanmalı və sonra ictimaiyyətə təqdim edilməlidir.
- Müsavat Partiyasının narazılığının kökündə əslində 2015-ci ildə keçiriləcək parlament seçkisinin durduğunu söyləyənlər var. Yəni Müsavat digər müxalif qüvvələrlə vidalaşmaq, parlament seçkisinə təkbaşına getmək istəyir...
- Bu, tamamilə əsassız fikir və ittihamdır. Çünki 2015-ci ilin parlament seçkisinə hələ çox var. Hazırda regionda ciddi proseslər baş verir. Ukraynadakı hadisələrin nə ilə nəticələnəcəyi məlum deyil. Müsavat Partiyasının belə ağır və ciddi dövrü bir kənara qoyub siyasətini 2015-ci ilə yönəltməsi haqda deyilənlər cəfəngiyatdır. 2015-ci ilədək Azərbaycanda ciddi siyasi təlatümlərin baş verəcəyi qaçılmazdır.





































































































