A.Qasımlı bildirdi ki, P.Həşimlinin ümumi vəziyyəti normaldır, o MTN kitabxanasından bir neçə kitab seçib və günü kitab oxumaqla keçir. Amma jurnalist saxlanma şəraitindən şikayətçidir: “O hələ də tək kamerada saxlanılır, gecələr də işıqlar söndürülür. Bunun özü də işgəncə faktı sayılır. Pərviz kamerada işığın söndürülməsindən və ona “Bizim yol” , “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin verilməməsindən də şikayət etdi”.
Vəkilin sözlərinə görə, Pərviz Həşimli ailə üzvləri ilə görüş də tələb edir, o habelə Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir. Vəkil həmçinin bildirdi ki, Həşimlinin həbsindən sonra onun işi üzrə heç bir istintaq hərəkəti aparılmayıb.
Vəkil P.Həşimlinin prezidetliyə namizədlərə də mesajının olduğunu dedi: “Pərviz dedi ki, onun 2-3 nəfər istisna olmaqla digər prezidentliyə namizədlərlə jurnalist-siyasətçi münasibətləri olub. Pərviz bu siyasətçilərin onun günahsız olduğuna inandıqlarına əmin olduğunu dedi. Bu səbəbdən o namizədlərin teledebatlarda onun qanunsuz həbs olunması məsələsinə də vaxt ayırmalarını xahiş edti”.
“Jurnalist özünü təqsirli bilmir və ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız hesab edir”. Bunu isə “Bizim Yol”a P.Həşimlinin digər vəkili Elçin Sadıxov bildirdi. Vəkilin sözlərinə görə, Həşimli saxlanılan vaxt ona müstəntiq tərəfindən “Silahları Əli Kərimli üçün gətirirdin?” kimi suallar verilib.
“Məni Pərviz Həşimli ilə görüşə buraxmayanda, Anar Qasımlı da hələ vəkili olmayanda onunla bir neçə dəfə qanunsuz söhbətlər olub”, - deyə qeyd edən vəkil həmin söhbətlərin detallarını açıqlamadı.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Moderator.az





































































































