Qəbul imtahanlarının vaxtı dəyişdi

Hazırda oxunan: Qəbul imtahanlarının vaxtı dəyişdi

34468

“Əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə verəcəklər”. Moderator.az-ın SİA-ya istinadən xəbərinə görə, sentyabrın 27-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyib.

O bildirib ki, əvvəlki illərin məzunlarının balları aprel ayında da məlum olacaq: “Təbii ki, onlar müsabiqədə bu ilin məzunları ilə birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay aylarında daha çevik keçirə biləcəyik”.

Komissiya sədrinin sözlərinə görə, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək: “Bunlar təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklərdir və bu yeniliklər elan olunur ki, hər kəs indidən öz planlarını qursun”.

Məleykə Abbaszadə gələn il rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişdiyini də deyib. O qeyd edib ki, hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir: “Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların martda imtahan verməsində hansısa çətinliklər olmayacaq”.

TQDK sədri onu da bildirib ki, 2015-ci ildən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək. Onun sözlərinə görə, qaydalarda tətbiq ediləcək yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra ictimaiyyətə elan olunacaq: “Orta məktəblərdə TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı 2015-ci ildən etibarən artırılacaq”.

Məleykə Abbaszadə qeyd edib ki, müəyyən fənlər öncədən elan ediləcək və şagirdlər onlardan 2-3-nü seçərək imtahan verəcəklər: “2015-ci ildə şagirdlər 4-5 fəndən-imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Biologiya”, “Kimya”, “Fizika”, xarici dil daxil ediləcək. Fənlərin artırılması məsələsi artıq hüquqi müstəvidə həll olunub”.

Məleykə Abbaszadə gələn ildən daha bir yenilik ediləcəyi barədə məlumat verib. O bildirib ki, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə, istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar: “Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin