Cevdet Yılmaz: “Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın COP29 təcrübəsindən istifadə edib”

Hazırda oxunan: Cevdet Yılmaz: “Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın COP29 təcrübəsindən istifadə edib”

646974

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O, 8 Noyabr – Zəfər Gününün Azərbaycan üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bir daha Azərbaycan dövlətini və xalqını təbrik edirik. Bu qələbə hamımıza qürur verən, 30 il davam edən işğala son qoyan qələbədir. Bu gün Qarabağ Azərbaycandır. Buna görə bir daha təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
 

Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşlərinin iki xalq və dövlət arasındakı yaxınlığı bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edib.


O, bu qardaşlıq münasibətlərinin COP31 çərçivəsində də davam edəcəyinə inandığını bildirib və Prezident İlham Əliyevin sammitdə iştirak edəcəyini bildiyini söyləyib.

Türkiyənin vitse-prezidenti, həmçinin Azərbaycan pavilyonunu ziyarət etdiyini, orada nümayəndə heyətinin üzvləri ilə söhbət etmək imkanı qazandığını diqqətə çatdırıb.

“Bu gün Azərbaycanın pavilyonunu da ziyarət etdim, oradakı dostlarımızla söhbət etmək imkanım oldu. Bu fürsətdən istifadə edərək bütün azərbaycanlı qardaşlarımıza salamlarımı çatdırıram”.

Cevdet Yılmaz COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29 təcrübəsindən geniş şəkildə faydalandıqlarını da vurğulayıb:

“COP29-u Azərbaycanın keçirdiyini bilirsiniz. Hazırlıqlarımızı apararkən Azərbaycanın təcrübəsindən çox istifadə etdik. Buna görə də Azərbaycana təşəkkür edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin