Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

Hazırda oxunan: Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

621464

Qüdrətlənən Azərbaycan bu gün regional gücdən beynalxalq aktora çevrilir. Təbii ki, qlobal problemlərin müzakirə olunduğu bir məkana çevrilən Azərbaycana sivilizasiya, o cümlədən bütün İslam aləmi ümidlə baxır.

İslam İnkişaf Bankının Bakı toplantısı: iqtisadi əməkdaşlıqda yeni mərhələ

Təsadüfi deyil ki, bu günlərdə bütün islam dünyasının diqqəti Bakıya yönəldi. Belə ki, iyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirildi. Açılış mərasiminə Prezident İlham Əliyev də iştirak edirdi.
 

Qeyd edək ki, 1974-cü ildə yaradılan bank hazırda 150 milyard dollarlıq nizamnamə kapitalı və 76 milyard dollarlıq abunə kapitalına malik İİB dünyanın ən böyük maliyyə institutlarından biridir. Azərbaycanın da nizamnamə kapitalında payı var. Bu pay ilə Azərbaycan bankda ilk on beşlikdə qərarlaşıb. İllik toplantının Bakıda keçirilməsi isə ölkəmizə olan diqqətin növbəti təcəssümüdür.


İİB-nin illik toplantılarında 3 mindən çox nümayəndə heyəti iştirak edirdi. İllik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında artıq bir sıra sazişlər imzalandı. 295 milyon dollar dəyərində olan bu anlaşmalar tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

İƏT Parlament İttifaqının sessiyası və Azərbaycanın artan beynəlxalq rolu

Bunun ardınca iyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası öz işinə başladı. 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 400-dən artıq nümayəndə iştirak edib.

Azərbaycan 2027-ci ildə İƏT-in Sədrliyini üzərinə götürəcək.

Bu həm etimad, həm də böyük məsuliyyətdir. Əminliklə demək olar ki, Azərbaycan öz sədrliyi dövründə  İslam həmrəyliyinin möhkəmləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və dayanıqlı, inklüziv inkişaf naminə birgə səylərin artırılmasına çox böyük töhfə verəcək. Çünki son illərdə Azərbaycan rəhbərlik etdiyi bütün layihələr uğurlu sonluqla və yeni təşəbbüslərlə yadda qalıb.

İslam Əməkdaşlıq Təşkilatı: müsəlman dünyasının əsas platforması

Müasir dünyada dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qlobal problemlərin həlli, sülhün qorunması və milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşkilatlar sırasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xüsusi yer tutur. Dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri hesab edilən İƏT müsəlman ölkələrinin siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlığını inkişaf etdirmək məqsədilə fəaliyyət göstərir.

İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılıb. Hazırda təşkilat 57 üzv dövləti birləşdirir və müsəlman dünyasının ortaq maraqlarını beynəlxalq səviyyədə müdafiə edən əsas platformalardan biri kimi çıxış edir. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, islam dünyasının üzləşdiyi problemlərin həllinə töhfə vermək və beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin qorunmasına nail olmaqdır.

Azərbaycanın haqlı mövqeyinə verilən dəstək

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olub və təşkilatın fəaliyyətində fəal iştirak edir. İƏT Azərbaycanın haqq işinin, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb. Təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklənib və işğal faktını qəti şəkildə pislənilib.

Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti dövründə İslam ölkələri bir qayda olaraq Ermənistanı təcavüzkar kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Qarabağ məsələsində İƏT-in prinsipial mövqeyi

Maraqlıdır ki, 44 günlük müharibədən sonra da Azərbaycanın ədalətli mövqeyini ilk dəstəkləyən beynəlxalq təşkilat da məhz İƏT olub. Təşkilatın 20 noyabr 2020-ci ildə qəbul etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnamədə bir daha Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ədalətli mövqeyi dəstəklənib.

Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə Ermənistanla Azərbaycan arasındakı son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

Məsələn, 22-23 mart 2022-ci il tarixlərində İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə qəbul edilib.

İslam həmrəyliyinin möhkəmlənməsində Azərbaycanın təşəbbüsləri

Azərbaycanla İƏT və ayrı-ayrılıqda hər bir İslam ölkəsi ilə möhkəm və davamlı iqtisadi və mədəni əlaqələr mövcuddur. Ötən dövr ərzində Azərbaycan islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi buna ən yaxşı sübutdur. Bundan başqa Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu siyasətin parlaq nümunələridir. Bu tədbirlər Azərbaycanı İslam dünyasının birləşdirici mərkəzlərindən biri kimi təqdim edilib.
 

İƏT çərçivəsində əməkdaşlıq bütün sahələrdə, o cümlədən iqtisadi inkişaf, təhsil, elm, mədəniyyət, humanitar yardım və dayanıqlı inkişaf sahələrində inkişaf edib. Azərbaycan bu istiqamətlərdə həyata keçirilən layihələrdə fəal iştirak edərək İslam ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına töhfə verir.


Bu gün İslam Əməkdaşlıq Təşkilatı qlobal çağırışlar fonunda müsəlman ölkələrinin ortaq səsinin beynəlxalq arenada eşidilməsini təmin edən mühüm platformadır. Azərbaycan isə təşkilat daxilində fəal mövqeyi, təşəbbüsləri və beynəlxalq nüfuzu ilə seçilən ölkələrdən biridir. Bu əməkdaşlıq həm ölkəmizin milli maraqlarına xidmət edir, həm də islam dünyasında birlik, həmrəylik və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Azərbaycanın İƏT-lə əməkdaşlığı çərçivəsində beynəlxalq aləmdə eyni mövqedən çıxış etməsi xüsusilə qeyd edilməlidir.

İslamofobiyaya qarşı mübarizədə Azərbaycanın lider mövqeyi

Məlumdur ki, Qərbdə getdikcə güclənən İslamofobiya siyasətinə qarşı Azərbaycan hər zaman barışmaz mövqedə olub. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına Prezident İlham Əliyev tərəfindən ünvanlanan müraciətdə bu bir daha öz təsdiqini tapdı.

Azərbaycan lideri bəyan etdi ki, torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür:

 

“Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir.


İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-islam əhvali-ruhiyyəsini təlqin edərək, islamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.

Bu çıxışı ilə Azərbaycan Prezidenti təkcə islamofobiyanın siyasi şəbəkələrini ifşa etmədi, həm də bütün İslam dövlətləri üçün yeni hədəfləri müəyyən etdi.

Bu da təsadüfi deyil. Çünki beynəlxalq aləmdə artan qlobal münaqişələrdə din faktoru birinci sırada durur. Ona görə də islam həmrəyliyi həm dini qardaşlığı möhkəmləndirir, əməkdaşlığı dərinləşdirir,həm də xarici təhdidləri neytrallaşdırır.

Bu mənada inanırıq ki, Azərbaycanın İƏT-ə sədrliyi dövründə İslam həmrəyliyi sahəsində böyük uğurlara imza atılacaq və Qərbin islamofobiya siyasəti böyük ölçüdə zərbə alacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin