Mərkəzi Asiyanın və Cənubi Qafqazın iki parlayan ulduzu: “Əbədi dostluq” zirvəsində

Hazırda oxunan: Mərkəzi Asiyanın və Cənubi Qafqazın iki parlayan ulduzu: “Əbədi dostluq” zirvəsində

632684

Prezident İlham Əliyevin bu gün Özbəkistana gerçəkləşdirdiyi dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni bir tarixi səhifənin açılması ilə yadda qalır. Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” isə bu tarixi səhifənin ən mühüm siyasi sənədidir.

Bir vaxtlar türk dünyasında tarix atların nallarının səsi ilə yazılırdı. At belində yollar aşılır, sərhədlər keçilir, şəhərlər salınır, dövlətlər qurulurdu. Bu gün zaman dəyişib: tarix artıq atın belində deyil, dövlətlərin siyasi iradəsi, qurduğu yollar, yaratdığı iqtisadi bağlar və imzaladığı tarixi sənədlər üzərində yazılır. 23 avqust 2026-cı ildə Daşkənddə imzalanan bu müqavilə də məhz belə bir tarixi məqamın ifadəsidir.

Bu, sadəcə diplomatik akt deyil. O, illər ərzində qurulan siyasi etimadın, strateji tərəfdaşlığın və müttəfiqliyin məntiqi nəticəsidir. Daha dəqiq desək, müttəfiqlikdən əbədi dostluğa uzanan yolun siyasi möhürüdür.

Əbədi dostluğun tarixi təməli

Azərbaycan və Özbəkistanı birləşdirən tellər diplomatik münasibətlərin 1995-ci ildə qurulmasından çox-çox əvvələ gedib çıxır. Ortaq türk tarixi, dil və mənəvi dəyərlər, ədəbiyyat və incəsənət ənənələri, İpək yolu boyunca formalaşan ticarət və mədəni əlaqələr iki xalqı əsrlərdir yaxınlaşdırır.

Bakı və Səmərqənd yalnız iki şəhər deyil, Şərqin böyük ticarət, elm və mədəniyyət yollarının tarixi mərkəzləridir. Nizami Gəncəvinin “Xəmsə”si ilə Əlişir Nəvainin onun ənənələrini davam etdirərək yaratdığı “Xəmsə” iki xalqın ortaq ədəbi yaddaşının parlaq nümunəsidir.

Yusif ibn Məhəmmədcan Qarabağinin Səmərqənddə elmi fəaliyyət göstərməsi, Bakıda XV əsrə aid Buxara karvansarasının izlərinin qorunması isə bu əlaqələrin tarix kitablarından çıxıb şəhərlərin yaddaşında yaşadığını göstərir.

Deməli, bugünkü siyasi müttəfiqlik təsadüfi deyil. Onun altında əsrlərin yaddaşı var.



Birlik sözdə olmur, əməldə olur

Türk dünyası tarixən vahid mədəni coğrafiya olub. Lakin türk dövlətləri indiyədək bugünkü qədər siyasi və strateji baxımdan yaxın olmayıblar. Bu yeni mərhələdə Azərbaycan xüsusi rol oynayır.

İlham Əliyev faktorunun mahiyyəti də məhz burada görünür: ortaq dəyərləri siyasi iradəyə, siyasi iradəni konkret layihələrə çevirməkdə.

Beynəlxalq münasibətlər tarixində maraqlar həmişə əsas hərəkətverici qüvvələrdən biri olub. Dövlətlər öz təhlükəsizliklərini, iqtisadi mənafelərini və geosiyasi prioritetlərini önə çəkiblər. Ancaq siyasətin görünməyən, rəqəmlərlə ölçülməyən başqa bir gücü də var: şəxsiyyətə hörmət və qarşılıqlı etimad.

Azərbaycanın son illərdə qazandığı beynəlxalq mövqedə İlham Əliyevin şəxsi diplomatik nüfuzu və liderlik üslubu xüsusi əhəmiyyət daşıyır. Prezidentin müxtəlif ölkələrin liderləri ilə qurduğu etimada əsaslanan münasibətlər Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açır, ölkəmizin sözünün və mövqeyinin çəkisini artırır.

Müstəqilliyimizin ilk illərində beynəlxalq münasibətlər sistemində özünə yer axtaran, imkanları məhdud və bir çox hallarda böyük güclərin hesablamalarında nəzərə alınmayan Azərbaycan bu gün tamam başqa mənzərə yaradır. İndi Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri qurulan, mövqeyi dinlənilən, təşəbbüsləri nəzərə alınan və etimad göstərilən ölkələr sırasında ön mövqelərdən birini tutur.

Bu dəyişimin arxasında təkcə geosiyasi reallıqlar və milli maraqların düzgün hesablanması deyil, həm də illər ərzində formalaşdırılmış etimad kapitalı dayanır. Daşkəndlə Bakı arasındakı münasibətlər də həmin etimad kapitalının ən parlaq nümunələrindən biridir.

Orta Dəhliz bunun ən bariz nümunəsidir. Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat-logistika halqasına çevirən bu xətt həm də türk dünyasının iqtisadi bağlarını möhkəmləndirir. TDT çərçivəsində əməkdaşlıq isə həmin yaxınlaşmaya siyasi və institusional məzmun verir.

Türk dünyası bu gün bir-birinə yalnız “qardaş” demir. Bir-birinə yol açır.



Müqavilənin ruhu

“Əbədi dostluq haqqında Müqavilə”nin gücü onun yalnız xoş niyyətlər sənədi olmamasındadır.

Sənəd qarşılıqlı etimadı, strateji tərəfdaşlığı və müttəfiqliyi əsas götürməklə yanaşı, tərəflərin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti təsbit edir. Azərbaycan və Özbəkistan öz ərazilərinin digər tərəfə qarşı yönəlmiş fəaliyyətlər üçün istifadəsinə yol verməmək öhdəliyi götürürlər.

Bu, yüksək siyasi etimadın ifadəsidir.

Amma müqavilənin üfüqü təhlükəsizliklə məhdudlaşmır. Energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl iqtisadiyyat, elektron ticarət, İKT və kosmik texnologiyalar sənədin gələcəyə hesablandığını göstərir. Yəni bu müqavilə keçmişi qorumaqla yanaşı, gələcəyin xəritəsini də cızır.

Rəqəmlərin dili

Münasibətlərin miqyasını bəzən ən yaxşı rəqəmlər ifadə edir. Son beş ildə Prezident İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfəri, Prezident Şavkat Mirziyoyevin Azərbaycana iki dövlət və yeddi işgüzar səfəri siyasi dialoqun intensivliyini göstərir. İki ölkə arasında indiyədək 220-yə yaxın sənəd imzalanıb.

2024-cü il avqustun 23-də Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması bu əlaqələrdə keyfiyyətcə yeni mərhələ açmışdı. İndi “Əbədi dostluq haqqında Müqavilə” həmin xətti daha uzaq perspektivə daşıyır.

İqtisadi rəqəmlər də eyni mənzərəni tamamlayır. Ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəflənir. Hacıqabul Sənaye Parkında iki ölkənin əməkdaşlığı ilə 10 720 “Chevrolet” avtomobili, “Azərmaş Park” və “SamAvto” əməkdaşlığı çərçivəsində isə 275 “ISUZU” avtobusu istehsal olunub.

Bu rəqəmlərin arxasında zavod, sərmayə, texnologiya, iş yeri və gələcək var. Elə 23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi yeni layihələrin açılış və təməlqoyma mərasimləri də keçirilib. Bank, sənaye, təhsil, enerji, şəhərsalma və kənd təsərrüfatını əhatə edən bu layihələr siyasi sənədin real iqtisadi məzmunla tamamlandığını göstərir.

Qarabağdan Səmərqəndə uzanan körpü

Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli tərəfi isə rəqəmlərlə ölçülməyən mənəvi yaxınlıqdır. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı bunun parlaq nümunəsidir. Füzulidə Özbəkistan tərəfindən tikilən 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb iki xalqın tarixinin bu günə necə daşındığını göstərir.

Səmərqəndin böyük aliminin adı Qarabağın yenidən qurulan şəhərində yaşayır. Mədəniyyət Günləri, “Şuşa günləri”, təhsil və elm mübadilələri, media və QHT forumları, şəhərlər arasında qardaşlaşma əlaqələri bu mənəvi körpünü daha da möhkəmləndirir. Müqavilənin Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elm və təhsil müəssisələri arasında əlaqələrə, mədəniyyətə, gənclərə, turizmə və idmana xüsusi yer ayırması da təsadüfi deyil. Çünki əbədi dostluğun ən möhkəm təminatı gələcək nəsillərin bir-birini tanımasıdır.

Yeni regional reallığın iki dayağı

Bu gün Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzləridir. Onların yaxınlaşması iki paytaxt arasındakı məsafəni deyil, iki böyük region arasındakı məsafəni qısaldır. Bakı–Daşkənd xətti artıq yalnız ikitərəfli münasibətlərin deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi və geoiqtisadi əlaqələrin mühüm oxlarından biridir.

Orta Dəhliz bu xəttin fiziki damarı, TDT siyasi platforması, enerji, ticarət, investisiya və humanitar əməkdaşlıq isə onun məzmunudur. Belə baxanda, Azərbaycan–Özbəkistan yaxınlaşması iki dövlətin hekayəsindən daha böyük məna daşıyır. Bu, yeni regional reallığın yaranmasının hekayəsidir.



İki parlayan ulduz

Səmərqəndin qədim minarələri ilə Bakının Xəzər sahilində yüksələn müasir silueti arasında böyük məsafə var. Amma tarix onları ayırmır, əksinə, yaxınlaşdırır. Bir tərəfdə Mərkəzi Asiyanın qəlbində yerləşən Özbəkistan, digər tərəfdə Cənubi Qafqazın mühüm mərkəzi Azərbaycan.

23 avqust 2026-cı ildə imzalanan müqavilə bu münasibətlərin son nöqtəsi deyil, yeni başlanğıcdır. Çünki sənəd yalnız bu günün dostluğunu təsbit etmir; təhlükəsizliyi, iqtisadiyyatı, nəqliyyatı, texnologiyanı, təhsili, mədəniyyəti, dili, gəncləri və regionları bir gələcək təsəvvüründə birləşdirir.

Əsrlər əvvəl türk öz tarixini at belində yazırdı. Bu gün isə tarix yolların, körpülərin, məktəblərin, zavodların və belə sənədlərin üzərində yazılır.Türk dünyasının birliyi artıq yalnız ortaq keçmiş deyil, ortaq gələcəkdir.

Bu gələcəyin qurulmasında Azərbaycanla Özbəkistanın yeri xüsusi, İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsinin rolu isə böyükdür. Çünki birlikdən danışmaq asandır.Birliyi yaratmaq isə əməldə mümkündür.Bu gün Bakı ilə Daşkəndin etdikləri məhz budur.İki parlayan ulduz artıq yalnız öz səmasında işıq saçmır. Onların işığı Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan daha böyük bir üfüqü aydınladır.

Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin