"Prezident İlham Əliyevin Macarıstan səfəri ölkəmizin rolunun əvəzsiz olduğunu təsdiq etdi"

Hazırda oxunan: "Prezident İlham Əliyevin Macarıstan səfəri ölkəmizin rolunun əvəzsiz olduğunu təsdiq etdi"

592487
"Azərbaycan diplomatiyasının uğurlu yüksəlişi əməkdaşlığa açıq istənilən dövlətlə münasibətlər qurmaq üzərində formalaşıb. Bu, Prezident İlham Əliyevin xarici siyasəti sayəsində əldə edilən müsbət nəticələrdə də öz aydın ifadəsini tapıb. Azərbaycan liderinin diplomatik bacarığı və mükəmməl siyasi gedişlərinin dünyanın bir çox nüfuzlu dövlət başçıları tərəfindən açıq etiraf olunması da bunun bariz ifadəsidir. Dövlətimizin başçısının Macarıstana rəsmi səfəri də respublikamız üçün mühum əhəmiyyət kəsb etməklə yanaşı, həm də ölkə rəhbərinin şəxsi nüfuzunun göstəricisi sayılmalıdır".
 
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
 
Deputat bildirib ki, dövlət başçısının Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orban ilə görüşləri olduqca səmərəli keçdi. Bununla yanaşı, strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın qlobal əhəmiyyətli vacib ölkə olduğunun növbəti sübutuna çevrildi.
 
Eyni zamanda, Zəfər qalamız olan Şuşa və Macarıstanın Vesprem şəhərləri arasında dostluq əlaqələrinin təsis edilməsi, digər sahələrdə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması iki ölkənin münasibətləri üçün son dərəcə geniş perspektivlər vəd edir.
 
Birgə mətbuat konfransında Baş nazir Viktor Orbanın qeyd etdiyi kimi, iki ölkə araslnda  keçirilən görüşlər həmişə əhəmiyyətli olub, Azərbaycan ilə Macarıstanın  bir-birinə daha da yaxınlaşmasında, mövcud əməkdaşlığın dərinləşməsində önəmli rol oynayıb. Bu, həm də strateji əməkdaşlığın arzulanan səviyyəyə yüksəlməsinə böyük təsir göstərib.  
 
Mühüm iqtisadi layihələrin  həyata keçirilməsinin vacibliyinə toxunan Baş nazir vurğuladı ki, Macarıstan Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya ötürəcək. Xəritədə aydın görünən odur ki,  təbii qaz,  elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Beləliklə, rəsmi Budapeşt bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır, bu, eyni zamanda,  Macarıstanın rolunun əhəmiyyətli dərəcədə artacağına  əminlik yaradır.
 
İki ölkə arasında sıx əlaqələrin Avrasiya qitəsi üçün də çox böyük önəm daşıdığını bildirən Prezident İlham Əliyev Macarıstanla Azərbaycanın dost və strateji tərəfdaş olduğunu, aparılan uğurlu siyasət, birgə addımlar nəticəsində  enerji sahəsində əməkdaşlıq üçün güclü zəmin yarandığını vurğuladı.
 
Ölkəmizin başçısı bildirdi ki, Azərbaycan-Macarıstan əməkdaşlığı  təkcə enerji məsələləri ilə məhdudlaşmır, bu sahədə nəqliyyat-tanzit təhlükəsizliyinə də xüsusi önəm verilir. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılması da bunun bariz ifadəsidir.
 
Ölkə rəhbəri daha sonra “Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir”,– deyə vurğuladı.
 
Dövlətimizin başçısı mətbuata bəyanatında “NABUKKO” layihəsinin  yenidən canlandırıldığını da diqqətə çatdırdi. Ölkə rəhbəri, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazının Bolqarıstana, oradan isə Rumıniya, Macarıstan və digər Avropa ölkələrinə çatdırılacağını bildirdi. Prezident İlham Əliyev səfər çərçivəsində bu barədə də müzakirələr aparıldığını və Macarıstanın təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, “mavi yanacağ”ın digər Avropa ölkələrinə tranzitini də gerçəkləşdirən ölkə kimi fəaliyyət göstərəcəyini söylədi.  
 
Sonda Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan Prezidentinin Macarıstan səfəri ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərməklə bərabər, respublikamızın tərəfdaşlıq və əməkdaşlıq baxımından yerini və rolunu da möhkəmləndirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin