Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

Hazırda oxunan: Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

628859

"Nəriman Həsənzadə böyük həyatsevən şair idi".

Bizim.Media  xəbər verir ki, bu fikirləri Xalq şairi Vahid Əziz Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.

Vahid Əziz bildirib ki, Nəriman Həsənzadə həyatının ən çətin anlarında belə nikbinliyini və təbəssümünü itirməyən insan olub:

"Nəriman müəllim qədər sevən insan dünyaya az gəlib. O, doğrudan da böyük həyatsevən şair idi. Ən çətin anlarında belə üzündən təbəssüm əskik olmurdu. Ağrılarını, əzablarını içinə çəkirdi".

Xalq şairi qeyd edib ki, Nəriman Həsənzadə ilə uzun illər qonşu, dost və iş yoldaşı olub:

"Mən Nəriman müəllimlə qonşu olmuşam, dost olmuşam, iş yoldaşı olmuşam. Ona görə də onu yaxından tanıyırdım".

Onun sözlərinə görə, Nəriman Həsənzadə xüsusilə Bakıya gələn gənc şair və yazıçılara böyük qayğı göstərirdi:

"1960-70-ci illərdə Bakıya gələn gənc şairlərin, yazıçıların, imkansız və kimsəsiz insanların yaddaşında Nəriman Həsənzadə qayğıkeş şəxsiyyət kimi qalacaq. O, şəxsi nüfuzundan istifadə edərək çox sayda gənc şairin Bakıda qeydiyyata düşməsinə kömək edib.

Vahid Əziz vurğulayıb ki, Nəriman Həsənzadənin yaradıcılığı çoxşaxəli idi:

"Nəriman müəllim təkcə şair deyildi. O, tarix şairi idi, təbiət şairi idi, sevgi şairi idi, gözəllik şairi idi. O, qüdrətli insan idi".

O, mərhumla bağlı gənclik illərinə aid bir xatirəsini də bölüşüb:

"Əsgərlikdə olduğu dövrdə atasının vəfatı xəbərini alanda hərbi hissədən çıxaraq dəfn mərasiminə gəlmişdi. Həmin dövrdə Azərbaycanın qeyrətli, şəxsiyyətli insanları onun həbs olunmasına imkan vermədilər".

Sonda Xalq şairi Nəriman Həsənzadənin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb:

"İstəyirəm ki, Nəriman müəllim təkcə xalqın yaddaşında deyil, gələcək nəsillərin də yaddaşında yaşasın. Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri məktəblərdə tədris olunsun, gənclərə tanıdılsın. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin