İranın son hərəkətləri ABŞ administrasiyasında narahatlıq yaradıb. Vaşinqtonun İrana qarşı enerji infrastrukturu obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Axios nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, son dövrlərdə Tehran "son dərəcə aqressiv" davranış nümayiş etdirib. İddia olunur ki, İran İordaniyadakı ABŞ bazasına zərbə endirib, həmçinin Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə qarşı əlavə hücumlar həyata keçirib. Lakin bu hücumların təfərrüatları açıqlanmayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti yaxın günlərdə İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirilməsi ilə bağlı qərar verə bilər. Bildirilir ki, Vaşinqton bununla Tehranı atəşkəs şərtlərini qəbul etməyə məcbur etməyə çalışır.
Bununla yanaşı, qeyd olunur ki, ABŞ rəhbərliyi əvvəlcə avqustun 1–2-nə planlaşdırılan genişmiqyaslı hücumdan imtina edərək İranla danışıqlara üstünlük verib.
Məlumata əsasən, ABŞ-ın Körfəz ölkələri ilə keçirdiyi məsləhətləşmələrdən sonra enerji obyektlərinə mümkün zərbələrin hazırlığı dayandırılıb. Həmin ölkələr regionda gərginliyin daha da artacağından narahat olduqlarını bildiriblər.
Axios yazır ki, Vaşinqton yaxın vaxtlarda Hörmüz boğazının açılmasına və İranın nüvə proqramı ilə bağlı təhlükənin aradan qaldırılmasına nail olmağa çalışır. Bildirilir ki, danışıqlar nəticə verməyəcəyi təqdirdə ABŞ Prezidenti İrana qarşı hərbi tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media



































































































