İki partiyadan Fazil Mustafaya sərt cavab

Hazırda oxunan: İki partiyadan Fazil Mustafaya sərt cavab

43733

Müxalifətin ağlına şübhəylə yanaşan deputatı ittiham etdilər, Sərdar Cəlaloğlu isə... 


Dünən “Gündəlik Teleqraf” qəzetində Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın geniş müsahibəsi dərc olunub. Müsahibənin sonunda F.Mustafa Azərbaycan müxalifəti haqqında verilən sualı da cavablandırıb. O, ölkədə əqli parlaq müxalifət olmadığını deyib: “Azərbaycanda əslində faktiki olaraq bir neçə illərdir, fiziki say müxalifəti var. Ölkədə əqli parlaq müxalifət yoxdur.

Parlamentdə konstruktiv bir fəaliyyəti önə çəkərək öz dünyagörüşlərini dilə gətirən, hakimiyyətlə fiziki üz-üzə gəlməyə üstünlük verməyən, daha çox intellektual müstəvidə ölkənin problemlərini diqqətə çatdırmaq istəyən və onun həlli yollarını göstərən insanlar var ki, biz də özümüzü onların təmsilçisi hesab edirik. Müasir dövrdə fiziki gücün, sayın hesabına qələbə əldə eləməyin çətinlikləri ortadadır.

Hətta Rusiya kimi ölkə əldə etdiyi qələbənin daha qalıcı olmasına qarantiya verə biləcək bir anlayışa sahib deyil. Çünki bu qələbə bilavasitə fiziki gücün ortaya qoyduğu qələbədir. Bir Milli Şura anlayışına baxın? Milli Şura anlayışını 6 aydan çox yaşada bilmədilər. Əgər bir 6 aylıq təşkilat yaşadırsınızsa, heç olmasa bunu 9 ay bir normal doğuşa gətirib çıxara biləcək fəaliyyət ortaya qoya bilmirsinizsə, demək, burada əqli problem var. Artıq burada hakimiyyətin günahı, xaricin dəstəyi ikinci planda qalır”.


F.Mustafanın dediklərinə müxalifət partiyalarından reaksiyalar verilib.
Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı F.Mustafanın müxalifət haqqında dediklərinin çox böyük səhv olduğunu bildirdi: “Mənim Fazil bəyə, onun ailəsinə hörmətim var. Amma onun belə söz deməsini ayıb hesab edirəm. Bu nə deməkdir ki, müxalifətin əqli problemi var? Onda belə çıxır ki, biz əqli cəhətdən qüsurlu insanlarıq? Bu gün Azərbaycanın ən düşünən beyinləri, ən ağıllı, oxumuş insanların hamısı müxalifətdə deyilmi? Elə müxalifətdə olan insanlar, ona görə müxalifət olurlar ki, onlar hər şeyi dərk edirlər, başa düşürlər. Mən o sözü qəbul etmirəm. Çox böyük səhv edib”.



AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə F.Mustafanın müxalifət, Milli Şura haqqında dediklərinin isə heç bir əsası olmadığını, əksinə, müxalifətin intellekt baxımından iqtidardakılardan daha üstün olduğunu dedi: “Azərbaycan müxalifəti bu gün həm sosial baza baxımından, həm intellektual baxımından hakimiyyət komandasından daha üstün, daha rasional olduğunu dəfələrlə göstərib. İntellektual düşüncə baxımından Azərbaycan hakimiyyəti müxalifətlə rəqabət aparmaq imkanında deyil. Bu xüsusilə seçki kampaniyaları dövründə daha qabarıq görünür və Azərbaycan cəmiyyəti birmənalı şəkildə müxalifət təmsilçilərinin çıxışlarda səsləndirdiyi fikirlərə daha çox diqqət göstərirlər”.


ADP sədri Sərdar Cəlaloğlunun fikirləri isə bir qədər fərqlidir. O, müxalifətin intellektual indeksinin aşağı olduğunu çatdırdı: “Həqiqətən də bizim özümüzün ağlına şübhə etdiyimiz adamlar var. Bizim özümüzün də bəyənmədiyimiz adamlar var. Yəni bu baxımdan Fazil Mustafa konkret olaraq kimin haqqında bu sözü deyib, hansı mənada deyib bilmirəm. Şəxsən mənim haqqımda desə, mənim özüm dəqiq cavab verərdim. Amma etiraf etməliyəm ki, Azərbaycan müxalifətinin intellektual indeksi yüksək olsaydı, 20 ildə hakimiyyətə gəlməyi bir tərəfə qoyaq, ən azı müxalifətçilik sferasında hansısa bir dəyişikliyə nail ola bilərdi. Çox təəssüflər olsun ki, biz buna nail olmamışıq.

Yəni bu barədə mən dolayısı yolla Fazil bəylə razıyam ki, Azərbaycan müxalifətinin ən böyük çatışmazlıqlarından biri intellektual çatışmazlıqdır. 20 ildir liderlər siyasətdə külüng vurur.

Razılaşıram ki, Azərbaycan müxalifətinin ən böyük qüsurlarından biri intellektual indeksinin  aşağı olmasıdır. Düzdür, Fazil bəy fikirlərini təhqiramiz şəkildə ifadə edib. Amma həqiqətən də müxalifətdə psixoloji cəhətdən, normal olmayan insanlar da var. Ekstremal situasiyada o adamların davranışlarına baxanda, hiss edirsən ki, bu adam normal  ağıla  malik deyil. Müxalifətdə də ağıldan kəm, axmaq adamlar var. Amma bunu təbii ki, bütün müxalifət haqda demək olmaz".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin