Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hazırda oxunan: Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

621840

Avropanı bürüyən rekord istilər bir sıra ölkələrdə fövqəladə vəziyyət yaradıb.

Bizim.Media-nın xarici KİV-ə istinadən məlumatına görə, sinoptiklər xəbərdarlıq edirlər ki, isti hava dalğası yaxın günlərdə Mərkəzi Avropa və Balkanlara doğru hərəkət edəcək.

Almaniyada həddindən artıq istilər nəticəsində A2 avtomagistralının asfalt örtüyü deformasiyaya uğrayaraq bir neçə zolaqda çatlayıb.

Avstriyada dəmir yolu operatoru relslərin əyilə biləcəyi barədə xəbərdarlıq edib.

İsveçdə isə yüksək temperatur səbəbindən relslər əyilib və yük qatarı relsdən çıxıb. Hadisə Stokholm ilə ölkənin ikinci böyük şəhəri olan Höteborq arasında qatarların hərəkətini dayandırıb.
 

Böyük Britaniyada qırmızı istilik xəbərdarlığının müddəti tarixdə ilk dəfə ardıcıl üç gün uzadılıb. Ölkədə havanın temperaturu 36,9 dərəcəyə yüksələrək iyun ayı üzrə rekord göstəricini üçüncü gün ardıcıl yeniləyib. Yüzlərlə məktəb bağlanıb, Londonda təcili yardım xidmətlərinə daxil olan müraciətlər isə 50 faiz artıb.


Niderlandın demək olar ki, bütün ərazisində də qırmızı xəbərdarlıq elan edilib. Havanın 40 dərəcəyədək isinəcəyi proqnozlaşdırıldığından bir çox məktəb fəaliyyətini dayandırıb.
Artan istilər məişət texnikası bazarına da təsir edib. Böyük Britaniyada ventilyatorlar qısa müddətdə satılıb, Asiya istehsalçıları isə Avropada kondisionerlərə tələbatın kəskin artdığını bildiriblər.

Fransanın dövlət enerji şirkəti məktəb və uşaq bağçalarının soyutma sistemlərinin yaxşılaşdırılması üçün 80 milyon avro ayıracağını açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, Şimali Avropadakı yaşayış binalarının əksəriyyəti isti havaya deyil, soyuğa uyğun tikildiyi üçün belə temperatur şəraitinə davamlı deyil. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropada ev təsərrüfatlarının təxminən 20 faizində kondisioner var.

Alimlər hesab edirlər ki, insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi olmasaydı, bu miqyasda rekord istilərin yaşanması demək olar ki, mümkün olmazdı.

Onların qiymətləndirməsinə görə, gecələr müşahidə olunan boğucu istilərin başvermə ehtimalı son 20 illə müqayisədə 100 dəfə artıb. Həmçinin qeyd olunur ki, araşdırılan regionda bu, indiyədək qeydə alınmış ən şiddətli istilik dalğasıdır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin