Son illər Bakıda elektrik skuterləri və velosipedlər gündəlik nəqliyyat vasitəsi kimi geniş yayılıb. Bununla yanaşı, sosial şəbəkələrdə onların hərəkəti ilə bağlı narazılıqlar da artır. Vətəndaşlar skuterlərin səkilərdə yüksək sürətlə idarə olunduğunu, piyadaların üzərinə doğru sürüldüyünü, bəzən isə yol hərəkəti iştirakçıları üçün gözlənilməz təhlükə yaratdığını yazırlar. Mövzu hətta yumoristik bloq videoları və paylaşımların da mövzusuna çevrilib.
Müzakirələr fonunda sual yaranır ki, skuterin yolu avtomobil yoxsa piyada zolağındadır? Onların hərəkətini tənzimləmək üçün ayrıca qaydalar tətbiq olunurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, skuterinin əsas hərəkəti velosiped yolunda olmalıdır:
“Şəhərdə elektrik skuterləri və velosipedlərin sayının artması qısa məsafəli səfərlər və ekoloji nəqliyyat baxımından müsbət haldır. Lakin infrastruktur bu artıma uyğun inkişaf etmədiyindən skuter sürücüsü, piyada və avtomobil sürücüsü eyni məkanı bölüşməyə məcbur qalır. Nəticədə səkilərdə, parklarda və piyada keçidlərində təhlükəli vəziyyətlər yaranır. Sosial şəbəkələrdə skuterlərin demək olar ki, hər yerdə hərəkət etməsi və piyadalar üçün təhlükə yaratması ilə bağlı şikayətlər də bunun nəticəsidir.
Qanunvericiliyə görə elektrik skuterinin əsas hərəkət yeri velosiped yolu və ya zolağıdır.
Belə yol olmadıqda isə yolun sağ kənarı ilə hərəkət edə bilər. Park və yaşayış zonalarında hərəkətə icazə verilsə də, piyadalara maneə yaradılmamalı və sürət həddinə əməl olunmalıdır. Səki isə ilk növbədə piyadalar üçün nəzərdə tutulub və skuterlərin yüksək sürətlə burada hərəkəti qəza riskini artırır”.
A.Nəbiyevin sözlərinə görə, Azərbaycanda bu sahə üzrə hüquqi baza formalaşıb.
Belə ki, skuterlərin sürət həddi, sərnişin daşınmasının qadağan olunması, texniki tələblər və bəzi pozuntulara görə cərimələr qanunla müəyyən edilib.
Onun fikrincə, problem qanunların olmaması deyil, onların tətbiqini təmin edəcək infrastrukturun yetərli olmamasıdır:
“Velosiped zolaqları bir çox hallarda davamlı deyil. Bu zolaq birdən-birə bitdikdə, avtomobil dayanacağı ilə tutulduqda, yol təmiri səbəbindən bağlandıqda və ya avtobus dayanacağı ilə toqquşduqda skuter istifadəçisi seçim qarşısında qalır: ya sürətli avtomobillərin arasına çıxmalı, ya da səkiyə keçməlidir.
Bu zaman kağız üzərində mövcud olan qaydanın praktik icrası çətinləşir. AYNA-nın açıqladığı məlumata görə, 2024-cü ildə Bakıda velosiped yollarının uzunluğu 35 kilometrə çatmışdı və növbəti mərhələlərdə bu şəbəkənin təxminən 100 kilometrədək artırılması nəzərdə tutulurdu. Paytaxtda velosipedlər üçün xüsusi dayanacaqlar yaradılıb, elektrik skuterləri üçün parklanma yerlərinin təşkilinə başlanılıb. Eyni zamanda, 2024-cü ilin sentyabr–dekabr aylarında mikromobillik operatorlarının vasitələri ilə 850 mindən çox sifariş qeydə alınıb və 2,2 milyon kilometrdən artıq məsafə qət edilib.
Bundan başqa, yalnız sürət həddi müəyyən etmək kifayət deyil.
Xüsusilə park və sıx piyada zonalarında icarə skuterlərinin sürəti geofencing texnologiyası vasitəsilə avtomatik olaraq 8–10 km/saata endirilə bilər”.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Region
15:00 / 04.08.2026
Skuter sürənlərə xəbərdarlıq: Bu qaydanı pozanlar cərimələnə bilər
Hazırda oxunan: Skuter sürənlərə xəbərdarlıq: Bu qaydanı pozanlar cərimələnə bilər
Hazırda oxunan: Skuter sürənlərə xəbərdarlıq: Bu qaydanı pozanlar cərimələnə bilər
629260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































