Rusiya Avropa biznesinə məxsus təxminən 200 milyard avroluq aktivlərin müsadirəsinə başlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Nəşr iddia edir ki, bu ehtimal Moskva Arbitraj Məhkəməsinin Rusiya Mərkəzi Bankının Belçikanın “Euroclear” şirkətinə qarşı qaldırdığı iddianı qapalı iclasda təmin etməsindən sonra gündəmə gəlib.
Rusiya Mərkəzi Bankı məhkəmədən 18,17 trilyon rublun — təxminən 200 milyard avronun geri qaytarılmasını tələb edir. Söhbət Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra “Euroclear”da dondurulan Rusiya ehtiyatlarından gedir.
Məlumatda qeyd olunur ki, bu iddia Avropada Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrə cavab xarakteri daşıyır.
Bununla yanaşı, Avropa İttifaqı ölkələrinin Rusiyadakı suveren aktivlərinin az olması səbəbindən əsas riskin Avropa biznes strukturlarının və “qeyri-dost ölkələr”in birbaşa investisiyalarının üzərinə düşə biləcəyi bildirilir.
Qeyd edək ki, müharibədən əvvəl Avropa investorları Rusiyada 364 milyard dollarlıq birbaşa investisiyalara sahib idilər. Bir çox şirkət Rusiyanı tərk etsə də və ya müsadirə səbəbindən aktivlərini itirsə də, Avropa investorları hələ də nağd pula və qiymətli kağızlara sahibdirlər.
Bir çox Avropa şirkətləri hələ də Rusiya müəssisələrində paya sahibdirlər. Bunların arasında Avstriyanın Raiffeisen və İtaliyanın UniCredit banklarına məxsus böyük banklar var.
Bizim.Media





































































































