Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası ölkəni Qərbə yönəltməyə çalışmaqla Ermənistanın müstəqilliyini itirmək riski yaradır.
Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən sammitlərin əsas məqsədi ölkəni Rusiyadan qoparmaqdır.
“Bütün bu sammitlər yalnız Ermənistanı Rusiyadan ayırmaq üçün keçirilir. Bunun gələcəkdə Ermənistan üçün nə ilə nəticələnəcəyini indi demək çətindir. Amma əgər Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxsa, yaxud hər hansı Avropa ittifaqlarına, təşkilatlarına və layihələrinə daxil olmağa çalışsa, şübhəsiz ki, ÜDM-in və suverenliyinin bir hissəsini itirəcək”, - deyə Bezpalko bildirib.
Ekspertin fikrincə, Paşinyanın tərəfdarları Ermənistanı qərbyönlü kursa keçirmək üçün iqtisadi və suverenlik itkilərinə getməyə hazırdırlar.
Bezpalko hesab edir ki, bu halda İrəvanı ciddi iqtisadi itkilər gözləyir. Onun sözlərinə görə, Avropada erməni mallarını gözləmirlər, Fransa və Almaniyanın isə spirtli içki, mineral su və meyvə istehsalında öz istehsalçıları var.
“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, siyasi baxımdan Qərbə doğru hərəkət edəcək, iqtisadi baxımdan isə Rusiya ilə əməkdaşlığı davam etdirəcək, yanılır”, - deyə Bezpalko vurğulayıb.
Bizim.Media


































































































