DEM Partiyasının nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Prezident İqamətgahına gedib.
Bizim.Media xəbər verir ki, Pervin Buldan və Mithat Sancardan ibarət heyət “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tələblərini prezidentə çatdıracaq.
Görüşdə Selahattin Demirtaşın azadlığa buraxılması da daxil olmaqla beş əsas məsələnin müzakirə ediləcəyi bildirilib.
Gündəliyin əsas məsələləri yeni qanunun vaxt uzadılmadan və sürətlə tətbiq edilməsi, qanunda nəzərdə tutulan rəsmi qurumların yaradılması, Abdullah Öcalanla yeni görüşün planlaşdırılması, ali məhkəmələrin qərarlarının təcili icra edilməsi, Selahattin Demirtaş və digər siyasi məhbusların azadlığa buraxılması.
Görüşdən əvvəl açıqlama verən Pervin Buldan prosesin sürətləndirilməsinin vacib olduğunu bildirib.
“Proses sürətlə irəliləməlidir. Bunun zamana yayılmasını və prosesin pozulmasını istəmirik. Buna görə də mümkün qədər tez irəliləyiş əldə edilməlidir”, – deyə o qeyd edib.
Sancar: “Bu, sülh hüququnun ilk təməl daşıdır”
DEM Partiyasının nümayəndə heyətinin üzvü Mithat Sancar parlamentdə qəbul edilən yeni qanunu tarixi addım adlandıraraq, onu “sülh hüququnun ilk təməl daşı” kimi qiymətləndirib.
Sancar bildirib ki, qanunun tətbiqinə başlanılması üçün müvafiq qurumların yaradılması, Milli Təhlükəsizlik Şurasının qərar qəbul etməsi və həmin qərarın Rəsmi Qəzetdə dərc olunması tələb olunur.
Onun sözlərinə görə, bütün bu proseslərin mümkün qədər qısa müddətdə həyata keçirilməsi barədə Ərdoğana məlumat veriləcək.
Öcalanla yeni görüş planlaşdırılır
Abdullah Öcalanın yeni açıqlama verib-verməyəcəyi ilə bağlı dəqiq məlumatlarının olmadığını bildirən Sancar İmralı adasına yeni səfərin planlaşdırılacağını deyib.
Pervin Buldan isə Ərdoğanla görüşdən sonra Abdullah Öcalanla da görüş keçirmələrinin vacib olduğunu vurğulayıb.
O, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və digər siyasi partiyalarla da görüşlərin keçirilə biləcəyini bildirib. Buldan parlament çərçivəsində nəzarət komissiyasının yaradılmasının vacib olduğunu qeyd edib.
Demirtaşın azadlığı da gündəmdədir
Görüşün ən çox müzakirə olunan məsələlərindən biri Selahattin Demirtaş və digər siyasi məhbusların hüquqi vəziyyətidir.
Buldan bildirib ki, Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı cəmiyyətdə böyük gözlənti var.
Selahattin Demirtaşın azadlığa buraxılmasının görüşdə müzakirə olunub-olunmayacağı ilə bağlı suala isə Buldan qısa cavab verib:
“Hər məsələni müzakirə edəcəyik.”
Bizim.Media





























































































