Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Hazırda oxunan: Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

625425

Sabahkı qeyri-müəyyənliyə can atarkən, biz tez-tez yaşadığımız indiki anı unuduruq. Özümüz üçün yaşamaq fürsətini kənara qoyaraq, özümüzü hamıya, hər şeyə həsr edirik. Nəticədə, həyat yanımızdan ötüb keçir, ayılanda isə çox gec olur.

Psixoterapiyanın yaranmasından min il əvvəl dahi Ömər Xəyyam bu günlə səsləşən konsepsiyaları formalaşdırmışdı. O, nə təsəlli verir, nə də asan bir yol vəd edir, sadəcə əsas məqamları izah edir.
 

İnsanlar daim uyğun anı gözləyirlər, uşaqlar böyüsün, oxusun, evlənsin; evin təmiri bitsin, bir az pul yığım və s. deyə-deyə hər şeyi gələcəyə buraxırlar. Nəticədə nəinki yaşamaqdan, istirahətdən, hətta bayırdakı xoş havadan, gül-çiçəkdən belə zövq almağı unudurlar.


Xəyyam bu özünü aldatmağı min il əvvəl görmüşdü: anlamışdı ki, yaşamağa hazırlaşarkən həyat artıq bitir, ya da elə bir vəziyyətdə olursan ki, gözünə heç nə görünmür, ağrıyan canından başqa...

Hər andan xoşbəxt ol – sənin payındır,
Hər addım fürsətdir, çıxarma əldən.
Təkrar gəlməyəcək, həyat gözləmir
Çalış ki səadət qaçmasın səndən.

Xəyyam bizi həyata ayıq baxmağa çağırır. Sevinci hətta səhər sükutunda, bəhanəsiz söhbətdə, sağlam canda da tapmaq olar deyir. Onun fikrincə, ən pis məsləhətçi kütlədir: ətrafınızdakılar həmişə necə yaşamalı olduğunuzu öyrədirlər: harada işləməli, nə vaxt evlənməli, nə vaxt uşaq sahibi olmalı...

Xəyyam başqalarının fikirlərindən asılılığı əsas tələ hesab edir. Hər kəsi məmnun etməyə çalışaraq insan nə istədiyini itirir. Düzdür, şair demir ki, kütləyə qulaq asma, sadəcə onun dediyini etməməyi tövsiyə edir. Onun zənnincə, izdihamın içində boğulanda ən yaxşısı sükuta çəkilməkdir.
 

Xarici səs-küy və sonsuz təsdiq axtarışı heç vaxt dincliyə gətirib çıxarmayıb. Lakin tək qalmaq və öz səsini eşitmək qabiliyyətini hər zaman formalaşdırmaq olar. Çətindir: güclü sel axınında nədənsə yapışıb dayanmaq, sel keçənə qədər gözləmək böyük səbr və dözüm tələb edir.


Daha bir maraqlı tövsiyə: insan nə qədər çox şey öyrənirsə, üstünlüyünü göstərmək, başqalarını öyrətmək və biliyini sübut etmək istəyi bir o qədər güclü olur. Amma Xəyyam deyir ki, bərabərsəviyyəli müzakirə getmirsə, qarşındakı səndən savadsızdırsa, onu öyrətmək istəyi təkəbbürə çevrilir. Əsl müdriklik mübahisədə rəqibi necə susdurduğunuzda deyil, insanlara necə münasibət göstərdiyinizdə ortaya çıxır.

Aqresiya və lovğalıqla göstərilən bilik təhqirdən daha dərindir. Şairin axtardığı daxili möhkəmlik başqalarından üstün olmaqdan deyil, qəbul etməkdən və yanınızda olanları qeyd-şərtsiz qiymətləndirmək qabiliyyətindən artır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin