Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ I Uşaq Kitab Festivalı” keçirilib.
Bizim.Media xəbər verir ki, festivalın keçirilməsində məqsəd uşaqlarda mütaliə mədəniyyətinin təşviqi, kitaba marağın artırılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, eləcə də sosial-mədəni həyata daha fəal cəlb olunmasına töhfə vermək olub.
Festivalda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin rəsmiləri təmsil olunublar. Habelə Ağdam könüllüləri, müəllimlər, valideynlər və məktəblilər festivalda iştirak ediblər.
Qonaqlar uşaqların mütaliəyə marağının artırılmasının, onların intellektual və yaradıcı inkişafının dəstəklənməsinin, eləcə də bu kimi maarifləndirici tədbirlərin bölgələrdə mütəmadi təşkilinin əhəmiyyətini vurğulayıblar.
Festival çərçivəsində çoxsaylı nəşriyyatların iştirakı ilə kitabların sərgisi təşkil olunub, həmçinin “Uşaqlara mütaliə sevgisi necə aşılanmalıdır?” mövzusunda maarifləndirici panel müzakirələri keçirilib. Tədbir boyu uşaqlar üçün musiqili-əyləncəli proqramlar, rəqs və səhnə çıxışları da təqdim olunub.
Tədbir zamanı “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyeva tərəfindən kitabların təqdimatı keçirilib. Eyni zamanda, yazıçı Aynur Cavid də öz əsərlərini təqdim edərək məktəblilərlə görüşüb.
Festivalın coğrafi əhatə dairəsi Ağdamla məhdudlaşmayıb. Tədbirdə Ağdamla yanaşı, Füzuli, Xocavənd, Xocalı, Xankəndi, Bərdə, Şuşa şəhər və rayonlarından olan məktəblilər də iştirak ediblər.
Bizim.Media

































































































