Son günlər heyvanlar arasında qarayara xəstəliyinin qeydə alınması istehlakçıların ət və süd məhsullarının təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb. Bu halın heyvan alqı-satqısına, ət və süd məhsullarının qiymətlərinə təsiri də əsas maraq doğuran məsələlərdəndir.
Bəzi insanlar xəstəliyin yayılmasının qiymət artımına səbəb olacağını düşünür. Lakin narahatlıq səbəbindən ətə tələbatın azalması fonunda, ucuzlaşmanı proqnozlaşdıranlar da az deyil.
MÖVZU İLƏ BAĞLI:
Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı
Bizim.Media mövzu ilə əlaqədar iqtisadçı Rəşad Həsənovun fikirlərini öyrənib. O bildirib ki, xəstəliyin yayılması qiymətlərin artmasına səbəb ola bilər.
“Qiymətlərin necə dəyişəcəyi xəstəliyin yayılmasının genişliyindən, davam etmə müddətindən, qarşısının alınması ilə əlaqədar görülən tədbirlərin effektivliyindən asılı olacaq. Ancaq qarayaranın artması təklifi, həm də tələbi azaldacaq”.
Rəşad Həsənov qeyd edib ki, qiymətlərin yüksəlməsinin səbəblərindən biri də böyük həcmli ət kütləsinin dövriyyədən kənarlaşdırılmasıdır:
“Bu gün bazarda tələb aşağı olarsa belə, nə qədər ətin dövriyyədən kənarlaşdırılmasının asılı olaraq ətin təklif səviyyəsi aşağı düşə bilər. Bu da qiymətlərin artımı istiqamətində bir çağırış formalaşdırır.
Qiymətin necə dəyişəcəyi prosesin müddətindən, dərinliyindən, əhatə dairəsindən, o cümlədən fermer və ailə təsərrüfatlarına vurduğu zərərdən qaynaqlanacaq”.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































