Söhbətin əvvəlində
diktafonu işə salmaq yadımdan çıxır. Amma söhbət elə qızışır, baxıram ki, bir
saata yaxın danışmışıq, diktafonsa yanımda “mürgü vurur”. Diktafona baxdığımı
görən müsahibim də deyəsən ürəyimdən keçəni dərhal anlayır və zarafatla işarə edir
ki, əslində söhbətin elə yaxşı yerini yazmağı əldən verdin...
Beləliklə, həmsöhbətimiz
müasir Azərbaycan siyasi səhnəsinin təqdimata ehtiyacı olmayan azsaylı nümyanədlərindən
olan Əli Nağıyevdir. Onunla çox səmimi və açıq söhbət etmişik. Əminik ki, bu qədər
iri həcmli bir yazını oxuyarkən itirdiyi vaxta görə kimsə heyfslənməyəcək...
Söhbət
hakimiyyətin nöqsanlarını tənqid edənlərin süngüylə qarşılanmasından düşür və həmsöhbətim
bir çox arqumentlərimlə razılaşmır və min illərin sınağından keçmiş hikmətli
sözlərə, fəlsəfi fikirlərə istinad edərək maraqlı təkliflər səsləndirir. Deyəsən,
Əli müəllimdə Nizamiyə sevgini, məhəbbəti sözlə ifadə etməkdə çətinlik çəkəcəm...
...Mən yenə
deyirəm, yəhudilərin ana kitabı “Talmut” olduğu kimi azərbaycanlıların da ana kitabı
Nizaminin “Xəmsə”si olmalıdır. Görün Nizami nə deyir:
Çox yaxşı
olsa da eybi gizlətmək
Dost dostun
eybini örtməsin gərək.
Bu dostluq
aynası göstərir ki, sən
Eybini özündən
kənar edəsən.
Nizami bunu
850 il öncə deyib. Dünyanın siyasət nəhənglərindən biri Çörçil görün nə deyir:
“Kritika mojet bıt nepriyatnoy, no ana neabxadimo. Ana vıpalnyaet tu je
funksiyu, çto i bol - obraşaet vnimaniye na nezdarovoye sostoyoniye del”. Yəni
biri mütəfəkkir, intəhasiz düha sahibi, müdriklik simvolu, o biri də siyasət nəhəngi.
Ona görə də bu gün həmin o çatışmazlıqlar dilə gətirilərkən düşünmək lazım ki,
onlardan Almaniyada, Fransada yoxdurmu? Sarkozi seçkilərində Qəzzafidən 150
milyon pul aldı, sonradan üstü açıldı...
-Amma heç
bir ölkədə bizdəki həcmdə və formdada nöqsan yoxdur.
-Razılaşmıram. Amerika birdən-birə Amerika olmadı ki.
Görün amerikalılar bu günlərə gəlmək üçün neçə yüz il yol keçiblər? Amma bizdə
ötən əsrin əvvəllərində rəhmətlik Məmməd Əminin qurduğu hökumət heç iki il
yaşaya bilmədi, darmadağın oldu. Bundan sonra da 70 il bizə əks tərbiyə verməyə
başlayıblar. Təbii ki, həmin dövrdəki təhsilin, elmin, texnologiyanın və digər
sahələrin inkişafını da inkar etmirəm. Bunlar millətimizin 70 ildə əldə etdiyi
böyük nailiyyətdir.
-Amerika bu yolu 200 ilə keçibsə, biz də bu qədərmi
vaxt itirməliyik?
-O baxır nədə.
-Ən azından Saakaşvili nümunəsi var.
-Saakaşvili getdi, səncə indidəmi Gürcüstanda vəziyyət
Saakaşvili dönəmində olduğu kimidi? Yəni fərdləri deyil, elementləri tərbiyələndirib
o yerlərə qoymayanda inzibati yolla o işləri qaydaya salmaq mümkün deyil. Yəni
biz millətə Nizami tərbiyəsini verməliyik ki, insanlarımız təhsilli və
dünyagörüşlü olsun, hər şeyi də biz prezidentdən gözləməyək. Ona görə də hesab
edirəm ki, tənqid hökmən lazımdır. Özü də tənqid komandanın içindən olanda sən
rəqibə yer qoymursan. Tənqid də gərək ədalətli ola. Allah Elçibəyə rəhmət eləsin,
deyirdi ki, kiminsə inəyi itibsə, gəlib prezidentdən görməməlidir. Amma bu
başqa məsələdir ki, bir ildə avtomobil qəzasından 1400-ə qədər adam dünyasını dəyişibsə,
bu çox böyük rəqəmdir. Hansı ki, 6 ay lazımdır ki, bu itkiləri ən azı
yarıbayarı azaldasan. Gəlin razılaşaq ki, bu işlərə bir əncam çəkmək olar. Bunu
da prezident şəxsən icra etməməlidir axı. Bu işə birbaşa məsul olan dövlət
qurumları var. Yol polisi, rayon icra başçıları, yolların istismarına cavabdeh
olan qurumlar- məhz bu qurumlardan tam ciddiliyi ilə məsuliyyət tələb olunsa
dediyim kimi, bu itkiləri yarıbayarı azaltmaq olar. Mən özüm maşın sürürəm. Neçə
dəfə yolda saxlamışam. Yəni kəmər bağlamamışam və ya sürəti bir az artırdığıma
görə “QAİ” saxladıb. Qayıdıram ki, yaxşı, başa düşdüm, kəməri bağlamamışam,
indi deyirsən neynəyim? Tanıyırlar deyə, qayıdırlar ki, Əli müəllim, gedin və
yaxud qəbzi göndəriblər, cərimə ödəmişəm. Deyirəm a kişi, bax, keçən maşını
görürsən? QAZ-24 gedir, üstündəki yükünə bax, qabaqdan 2 metr, arxadan 2 metr
armaturlar çıxır, sən mənə de görüm onun törədə biləcəyi qəza çox olar, ya mənim
kəmər bağlamamağım? Bəs o “haqq-hesab”ını niyə qaldırıb saxlatmadın? Deyirəm
ki, 50 metdən sonra bir təhlükəli çala var ki, nabələd sürcü qəza törədə bilər.
Amma sən axşam onu yazıb rəhbərliyin və onlar da icra hakimiyyəti başçılarının
stolunun üstünə qoymalıdırlar ki, filan yeri gecəylə düzəltmək lazımdır. Yaxud
qaydalara görə ağır tonnajlı qoşqulu maşınların gündüzlər şəhərin mərkəzində
yük aparması qadağandır. Amma baxın görün reallıqda vəziyyət necədir?
-Heydər Əliyevdən danışaq. Onunla sonuncu görüşünüzü
xatırlayırsınızmı?
-Rəhmətlik Heydər Əliyevlə təkbətək sonuncu görüşüm
2002-ci ildə olub. Onda da göstərdi ki, bu nə qədər böyük və ədalətli kişidir.
Əslində məni çağırmışdı Eynulla Fətullayevin məsələsi üstündə işdən çıxarmağa.
Bir dəfə Eynulla qəzetdə yazı yazaraq Vaqif Hüseynovu müdafiə etmişdi. Onu
çağırıb dedim ki, belə şeylər nə sənə xeyir gətirir, nə mənə. O da qayıtdı ki,
səhv etmirəmsə Vaqif Hüeynovun anası və ya qaynanası çağırıb ağladı, hissiyatım
da məni sövq elədi ki, bunu yazam. Dedim bir də belə şeylər eləmə. Sonra ikinci
yazını yazdı. Eynullanı çağırdım dedim ki, necə fikirləşirsən, bütün bunlardan
sonra biz bir yerdə işləyə bilərikmi? O da ərizəsini gətirib stolun üstünə
qoyub getdi. Bu gün Eynullanı işdən çıxardım, sabahısı məni Prezident Aparatına
Heydər Əliyevin yanına çağırdılar. Səhv etmirəmsə Taryel zəng elədi ki, kişi səni
çağırır. Hər şey elə qurulmuşdu ki, mən ora gedən kimi işdən çıxarılacaqmışam.
Yəni mənim işdən çıxarılacağımdan zövq alacaq adamlar hamısı hazır vəziyyətdə
gözləyirdilər. İnanın ki, mənim də bütün bunlardan xəbərim yox. Amma ürəyimə
dammışdı ki, hansı mövzuda danışılsa belə, Eynulla məsələsi də mənə eşitdiriləcək.
Bu yerdə yada salım ki, mən Eynullanı 1994-cü ildə partiyaya gətirmişəm. Onda
19 yaşı vardı, cavan uşaq idi. Amma o yaşda olan adamların içində o cür
intellektual adam çox azdır. Özü də mən bunu o məqsədlə partiyaya gətirmişəm
ki, gəncləri siyasi aktivliyə sövq eləsin. Bu məqamda qeyd edim ki, bu gün
adını çəkmək istəmədiyim bir nəfər var, onu da vaxtilə YAP aparatında işə
götürmüşdüm, o Eynulla haqqında bir mənfi xarakteristika yazıb gətirmişdi mənə.
Hansı ki, bu adamın intellektual səviyyəsi Eynulladan çox aşağıdır. Mən də
yazıya baxıb tulladım üstünə. Təsəvvür edin ki, həmin xarakteristikanı
saxlayıblar, gətirib 8 il sonra Heydər Əliyevin stolunun üstünə qoyublar ki,
biz o vaxt Əli Nağıyevə Eynullanın belə bir adam olduğunu demişdik. Heydər
Əliyev də qayıtdı mənə dedi ki, bəs mənə deyirlər o vaxt sənə bu barədə deyiblər,
niyə vaxtında ölçü götürməmisən? Dedim ki, Heydər Əliyeviç, Eynullanı mən
partiyaya gətirəndə 19 yaşı vardı, İstəmişdim ki, savadlı adam bizimlə olsun. Mənim
xüsusi aparatım yox idi onun nə fikirləşdiyini bilim. Yadına saldım ki, vaxtilə
siz də bir neçə adamı işə götürüb sonradan rədd eləmisiniz, həmin adamları da
misal çəkdim ki, sizin də rentgeniniz yox idi ki, onların kim olduqlarını görə
biləsiniz. Həm də dedim ki, Heydər Əliyeviç, onu yazan adamın səviyyəsi
Eynullayla müqayisə olunacaq qədər deyil. Yəni bilirsən, o adamların əxlaqı təmiz idisə, Eynullanın bir
neçə dəfə iqtidarı və şəxsən Heydər Əliyevi təbliğ edən yazıları vardı, bəs
onları niyə aparıb prezidentin stolunun üstünə qoymamışdılar? Bayaq da mən sənə
dedim, tənqidsiz həyat yoxdur. Tənqid də hökmən olmalıdır, özü də bu tənqid
komandanın içindən olmalıdır ki, rəqibin əlinə fürsət keçməsin. Ancaq tənqid də
gərək qərəzli olmasın.
-Komandanın içindən gələn tənqid də süngüylə
qarşılanır. Hüseyn
Abdullayevin başına gətiriləınlər yaddan çıxmayıb axı.
-Mən Hüseyn
Abdullayevi tanımıram və heç bilmirəm o nə deyib. Digər tərəfdən, tutaq ki,
hansısa məsələyə səninlə mənim öz baxışımız var. Üstəlik, mən nazir olmuşam axı
və bu cür məsələrəri də nisbətən yaxşı bilirəm. Yəni bizim hansısa məmurla
bağlı öz baxışımız var ki, filan məsələdə səhv elədi və gərək prezident onu dar
ağacından asaydı. Yəni sən və mən oxuduğumuzdan və müşahidələrimizdən,
eşitdiyimizdən məlumat alırıq. Ancaq prezident ən azı 5 mənbədən eyni məsələ
haqqında məlumat ala bilir. Yəni ən azı bizim bildiyimiz bunlardı- MTN, DİN-in
7-ci idarəsi, Prezident Aparatı, yerlərdə icra hakimiyyətləri və YAP var. Ondan
başqa da deyək ki, Heydər Əliyev gecə götürüb bir polis rəisinə zəng edirdi və
bir yarım saat o polis rəisiylə danışırdı. Həmin yarım saatlıq söhbətin içində
ona lazım olan hansısa iki cümləni həmin polis rəisinin ağzından tutmaq istəyirdi.
Yaxud bir bəstəkara zəng edib bir saat onunla söhbət edərək ona lazım olan ikicə
cümləlik informasiyanı alırdı. Yəni bu adam çox böyük siyasət nəhəngi və tarix
yaradan kişi idi. Ona görə də prezidentin filankəs haqqında niyə qərar qəbul
etməməsi həmin o 5 mənbənin məlumatlarının analizindən və tutuşdurulmasından
asılı olur. Bir sözlə, prezidentin qərar qəbul etməsiylə adi adamların qərar qəbul
etməsi arasında dağ boyda fərq var.
-Söhbətimiz
uzandı. Eynulla ilə bağlı Prezident Aparatına getdiniz...
-Mən onunla
çox açıq və səmimi söhbət etdim, əlimdəki bütün faktları qoydum ortaya. Dedim
Heydər Əliyeviç, 19 yaşlı bir uşağı pariyaya cəlb etməkdə mənim nə marağım ola
bilərdi?
-Razılaşdı
Sizinlə?
-Tamam
razılaşdı. Baxmayaraq ki, hər şey, bəlkə də mənim işdən çıxarılmağımla bağlı fərman
da hazırlanmışdı, ancaq yarım saatlıq söhbətdən sonra Heydər Əliyev başladı mənə
nəsihət verməyə. Gördü ki, qarşısındakı həmin Əlidi də. Yeri gəlmişkən deyim ki, Heydər Əliyevlə birinci
görüşüm 92-ci ilin iyulunda olub. Onun yanında 6 nəfər idik. Fərəməz Maqsudov,
Rizvan Vahabov, Məzdək Hüseynov və yadımda qalmayan daha 3 nəfər vardı. Təbii
ki, yaş senzi mitinqlərindən mənim kim olduğumdan xəbəri vardı, ən azından Cəlal müəllimin birbaşa tələbəsi
olmasam da məni oxumağa məhz o göndərib.
-Yaş senzi
mitinqlərinin də yalançı qəhrəmanları peyda olur hərdən...
-Xocalı
hadisələrindən sonra artıq Mütəllibovu yola saldılar. Müxtəlif söhbətlər gedirdi, Dövlət Şurası
yaratmaq barədə müzakirələr açılmışdı. Biz də “Əlincə” Cəmiyyətində yığışdıq və
Dövlət Şurası təklifi hazırladıq. Orda 8-9 nəfərin-Yaqub Məmmədovun da, Həsən Həsənovun
da, Əbülfəz Elçibəyin də, Etibar Məmmədovun, o cümlədən Heydər Əliyevin də adı
vardı. “Əlincə” Cəmiyyətinin qərarında bu adlar əks olunmuşdu. Qəzetin də
redaktoru rəhmətlik Eldar Baxış idi. Fərəməz Maqsudov İstanbula 3-4 aylıq dərs
deməyə getdiyindən cəmiyyətə rəhbərliyi sədrin müavini kimi mən edirəm. Qəzet çap olundu gəldi ki, Eldar Baxış Heydər Əliyevin adın çıxarıb.
-Hansı qəzetdən
söhbət gedir?
-“Əlincə” Cəmiyyətinin
qəzeti olan “Səs” qəzetindən. Eldar Baxışla aramda çox kəskin söhbətim oldu və
ona dedim ki, sən kimsən, bu qəzeti saxlayan mən, Cəmiyyətin qəbul etdiyi qərarın
əleyhinə bu cür addım atmısan? Eldar Baxış elə ordaca ərizə yazıb getdi. Təxminən
2-3 ay Böyükkişi Heydərli və Teyfur Çələbi qəzetə rəhbərlik
etdilər. Səhv etmirəmsə
iyun ayında Ağabəy “Səs” qəzetinə gəldi.
Ağabəy gələndən sonra da artıq “Səs” qəzeti necə deyərlər, aləmə səs sala
bildi. Heydər Əliyevin də o vaxt dediyi bir məhşur sözü var ki, nəhayət, siz
xeyriyyəçilikdən qurtarıb əsl xeyirli işlər görməyə başladınız. Nə isə, Eldar
Baxış belə edəndən sonra bilmədim ki, neynəyəm. Məsləhətləşdiyim adam da bir Həsən
Zeynalovdur. Onda o Naxçıvanın daimi nümayənəsi idi. O bütün varlığı ilə Heydər
Əliyevə sədaqətli bir adamdır.
-İndi
İstanbuldakı baş konsulumuzdur.
-Mən durub
getdim “Biosentr”də Cəlal müəllimin yanına. Mən də 1985-ci ildə Cəlal Əliyevin
yanından çıxıb getmişəm, 92-ci ilədək bir dəfə də olsun onunla görüşməmişəm. Mən
qapını açıb içəri girəndə çox təəccübləndi ki, sən hara, bura hara? Dərhal cümləni
elə başladım ki, təəccübə yer qalmadı. Dedim bircə suala cavab istəməyə gəlmişəm-Heydər Əliyevin yenidən Azərbaycana gəlib
ölkəni idarə etmək istəyi varmı? Azərbaycan dağılır və o Heydər Əliyevdən imdad
istəyir. Dedim ki, onun belə bir niyyəti varsa, bu dəqiqə gedib cəmiyyətin iclasını
çağırıb Heydər Əliyevin namizədliyini irəli sürərək Ali Sovetə təqdim edirəm. Yəni
hər şey ilk dəfə belə başlayıb. Ondan sonra biz “Əlincə” Cəmiyyətinin iclasın
çağırdıq, həmin o Əkrəm Əylisili orda çox böyük ləyaqətsizlik elədi. Ondan
başqa adın çəkmək istəmədiyim bir hörmətli ədəbiyyat professorumuz var, o durdu
orda mənim sözümün qabağında Əbülfəz Elçibəyin namizədliyini irəli sürdü. Mən də
etiraz etdim ki, biz bura Əbülfəz Elçibəyin namizədliyini irəli sürməyə
yığışmamışıq. Biz ancaq Heydər Əliyevin namizədliyini irəli sürürük.
-Əkrəm
Əylisli də “Əlincə” Cəmiyyətinin üzvü idi?
-Bəli,
yaradılmasında iştirak edib. Elə Eldar Baxışı “Səs” qəzetinə o təklif etmişdi.
Dediyim ədəbiyyat alimi ki, Elçibəyin namizədliyində israr elədi, mən Heydər
Əliyevdən qabaq bir gediş edərək Əbülfəz Elçibəylə bağlı belə bir səsvermə təklif
etdim ki, burda kim Əbülfəz bəyin namizədliyinin irəli sürülməsinə razıdır, əlini
qaldırsın? Cəmisi 3 nəfər əlin qaldırdı. O da qaytıdı ki, sən lap Qorbaçov kimi
səsvermə keçirdin. Mən də ona cavab verdim ki, biz bura ancaq Heydər Əliyevdən
ötəri yığışmışıq. Elə həmin iclasdaca Heydər Əliyevin namizədliyini irəli
sürdük, protokolu da aparıb Ali Sovetə təqdim elədik. Ondan sonra da yaş
senziylə bağlı mitinqlər gündəmə gəldi. Üzr istəyirəm, Əkrəm Əylisli ilə bağlı
dediyim ola bilsin ki, həmin iclasda yox, Elmlər Akademiyasının Rəyasət Heyətinin
binasında YAP-ın yaradılmasını elan etdiyimiz iclasda olub. Orada aramızda
qarşıdurma oldu.
-“91-lər” də
ordan başlandı...
-O sonradan
oldu. Yəni mən gedib iyul ayında Naxçıvanda Heydər Əliyevlə görüşəndən sonra, yəni
görüşdə iştirak edən 6-7 nəfər çıxandan sonra Heydər Əliyev məni saxladı. Bir
xeyli mənimlə söhbət elədi və tövsiyyələrini verdi. Həmin orda verdiyi nəsihət
10 il sonra məni işdən çıxarmaq üçün Prezident Aparatına çağırarkən verdiyi məsləhətlə
səsləşirdi. Ona görə də bu paraleli aparmağa çalışdım. Yəni sonuncu söhbətimizdə
mənim xatirimə ilk dəfə Heydər Əliyevlə görüşdüyüm an gəldi. Bu adamda mənə qarşı nə qədər
nifrət kökləmişdilərsə, bir anın içində hamısı yuyulub getdi.
Qayıdaq
“91-lər”ə...
-“91-lər”dən
qabaq deyilməli bir vacib məqam var. Yaş senzi mitinqlərini Hacı Əbdülgil
pozandan sonra biz məcbur olub Ali Sovetin qarşısından yığışıb gəldik Elmlər
Akademiyasının qarşısında başladıq mitinqlərə. Amma cəhdlərimiz nəticə vermədi
və Heydər Əliyevin namizədliyini qəbul etdirə bilmədik. İyun ayında ki,
Naxçıvanla Türkiyəni birləşdirən o tarixi “Ümid” körpüsü açılırdı, onda mən rəhmətlik
Murtuz Ələsgərovla Siyavuş Novruzovu Naxçıvana göndərdim, Siyavuşa da bərk-bərk
tapşırdım ki, çalışsın partiya yaratmaq məsələsində kişinin fikrini öyrənsin.
Yəni təxminən bir ay ərzindəki yaş senziylə bağlı mitinqlərimiz nəticə vermədiyindən
partiya yaratmaq lazım idi ki, bu mübarizə davam etsin. Bununla yanaşı artıq mənim
Cəlal müəllimlə münasibətlərim çox sıxlaşdı və istədyim vaxt zəng edərək gedib
onunla görüşə bilirdim. Cəlal müəllimə dedim ki, siz bir kişinin fikrini
soruşun görün bəlkə partiya yaradaq. Cəlal müəllimin də fikri belə oldu ki, bilirsən nə var, kişi deyir ki, yenə
o çirkin adamlar gələcək bura dolacaq, mənim adıma ləkə gətirəcəklər. Yəni mənim
partiya yaratmaqla bağlı sualıma Cəlal müəllimin cavabı belə oldu. Ondan sonra
Siyavuşgili Naxçıvana yola salanda Siyavuşa bərk-bərk tapşırdım ki, çalışın kişinin özüylə bu barədə bir yaxşı
danışasınız.
-Niyə özünüz
getmədiniz?
-Çünki getməyə
imkanım olmadı. O zaman Naxçıvanda vəziyyət çox ağır idi. Ona görə də biz
Naxçıvana silah göndərmək kampaniyası təşkil etmişdik. Mən bu işlərlə məşğul
idim. 7 reys İL-76 təyyarəsi ilə Naxçıvana silah-sursat yola salmışam. Hər reysə
də təyyarəçilərə 70 min rubl pul vermişik. O pulları da naxçıvanlılardan
yığırdıq. İndi YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, mən,
Siyavuş digər naxçıvanlılarla birlikdə o vaxt Elmlər Akademiyasının prezidenti
Eldar Salayevin Fotoelektronika İnstitundakı kabinetində bu işləri görürdük.
Fikrət İsmayılov kassa idi, pullar onun seyfinə yığılırdı, Siyavuş Novruzov
siyahı tuturdu, mən də bu işləri təşkil edirdim, təyyarə reyslərini də Həsən
Zeynalov danışırdı, Fikrət İsmayılov da puları yığırdı “klok”lara, Siyavuş
aparıb Həsən Zeynalova, o da təyyarəçilərə verirdi. Yəni mən Bakıda həmin
kampaniyaya başçılıq etdiyimdən Naxçıvana gedə bilmədim. Siyavuşgil “Ümid”
körpüsünün açılışında iştirak edib qayıdıb gələndə soruşdum ki, nooldu? Dedi
ki, kişiyə dedik, nə “yox” dedi, nə “hə”. Ondan sonra mən bir az ürəkləndim,
dedim yox ey, bu işdən əl çəkməyəcəm. Ona görə də bayaq dediyim o adamları
götürüb Naxçıvana kişiylə görüşə getdik. Yəni “götürüb” deyəndə “Əlincə” Cəmiyyətinin
puillarını mən yığırdım deyə onların təyyarə biletlərini də mən aldığımdan
onların hamısın mən dəvət etdim ki, birlikdə gedək kişinin yanına. Yəni biz də
partiya söhbətini kişinin qarşısına qoyduq. Onda da kişi nə “yox” dedi, nə “hə”.
Mənsə öz hesabımı götürdüm ki, bu elə “hə” cavabı kimi bir şeydir. Bu oldu
92-ci ilin iyul ayının 15-də. Qayıdıb gələndən sonra başladıq bu istiqamətdə fəaliyyətə.
Zahid Qaralov onda Pedaqoqika İnstitutunun direktoru idi, onun yanında yığışıb
nizamnaməni-filanı hazırladıq. Günün birində mən bir də Naxçıvana gedəsi oldum,
iyul ayının 22-də. Getdim ki, kişidən bir istiqamət alam ki, bu partiya sağ
partiya olacaq, sol partiya olacaq, adı nə olacaq-filan. Yəni 22-də artıq demək
olar ki, kişi cavab verdi və söhbətdən sonra qayıtdı ki, əslində keçən dəfə mən
sizə sözümü dedim. Çıxanda da mənə qayıtdı ki, ayın 18-də Sirus Təbrizli də
eyni sualla bura gəlmişdi, sən qayıdanda onunla görüş. Ondan sonra gəldim
getdim Sirus Təbrizliylə də görüşdüm. Beləliklə, partiya quruculuğuna başladıq.
Bax o zaman “91-lər” meydana gəldi. Əslində “91-lər” YAP yaradıcılığının ilkin
mərhələsində aparılan məqsədyönlü işlətdən biri idi.Məqsəd insanları Heydər
Əliyev şəxsiyyəti ətrafında toplamaq idi. Biz bu cür işlərlə eyni zamanda o
zamankı iqtidara anladırdıq ki, siz Azərbaycanı fəlakətə apardığınıza görə
insanlar bir xilaskar kimi Heydər Əliyevi çağırır. Eyni zamanda biz Naxçıvandan
prosesi izləyən Heydər Əliyevə göstərirdik ki, hər zümrədən olan insanlar Azərbaycanın
hər yerindən onu çağırır. “Səs” qəzetində də bu istiqamətdə çox ciddi təbliğat
başladı. Ağabəy bu yola çox sədaqətlə xidmət edib, gərək olana “yox” deməyəsən.
Rəhmətlik Cabir Novruz deyirdi ki, sağlığında qiymət verin insanlara. Nizami isə
bunu daha əzəmətli
deyib:
Ardı var...





































































































