Oktyabrın 25-də Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.
Bizim.Media xəbər verir ki, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq, yarışlara yollanan gənc futbolçuları salamlayıblar.
Onlar komandalarına dəstəklərini ifadə etməklə yanaşı, öz xalqlarının milli kimliyinə, mədəniyyətinə və ənənələrinə bağlılıqlarını nümayiş etdiriblər.
Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu daha əvvəl hər iki komandanın Azərbaycana səfərini alqışlayaraq, futbolun xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Oktyabrın 22–30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandaları iştirak edir.




Bizim.Media































































































