Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları”x9d mövzusunda dinləmələr keçirilib. Tədbirdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da iştirak və çıxış edib.
Moderator.az həmin çıxışı təqdim edir:
-Vaxta qənaət etmək baxımından tezis şəklində bir neçə fikir söyləmək istəyirəm. Birincisi, insanın hüquq və azadlıqları problemi ölkə daxili deyil, beynəlxalq problemdir. Hər bir ölkə digərindən onun gözlənilməsini tələb edə bilər. 1999-cu ilin 30 aprelində BMT-nin İnsan Hüquqları Komissiyası ilk dəfə olaraq demokratiyanın insanın fundamental və universal hüququ olması barədə qətnamə qəbul etdi. Komissiya göstərdi ki, demokratik idarəçilik hüququnun təsis edilməsi mübarizənin aparıcı mənası, istiqamətidir.
İkincisi, soruşulur: ABŞ-da insan hüquqları problemi varmı? Var, əlbəttə. Burada deyilənlərə əlavə olaraq Quantanamada məhkəmə qərarı olmadan uzun illərdən bəri insanların bütün mümkün hüquqlarının pozulmasını da göstərmək olar.
Bəs bizdə necə, bu problem varmı? Var. Biz problemi inkar etmək yolu ilə deyil, etiraf və həll etmək yolu ilə getməliyik. Amerika-Azərbaycan münasibətlərində də gərginlik yaratmağa ehtiyac yoxdur. Bu rəhbərlik üçün də arzu olunan deyil. Düşünürəm ki, elmdə kompromis olmamalıdır, siyasət isə kompromissiz keçinə bilməz. Odur ki, deputat həmkarım Qüdrət Həsənquliyevin dediyi kimi, ABŞ və Qərblə, habelə müvafiq beynəlxalq təşkilatlarla münasibətlərdə gərginliyi azaltmaq üçün siyasi məhbuslar azad edilməlidir. Hər hansı bir şəxs cinayət etməkdə şübhəlidirsə onun haqqında cinayət işi qaldırılmalı, istintaq aparılmalı, həbslə əlaqədar olmayan qəti imkan tədbiri seçərək işi məhkəməyə göndərmək lazımdır. Əgər şəxsin məhkəmədə təqsiri sübut olunarsa, onda məhkəmə ittiham hökmü çıxarar, əsas olarsa onu azadlıqdan məhrum edər. İstintaq prosesində şübhəli şəxslər barəsində, xüsusilə də qadınlar barəsində həbs qəti imkan tədbirinin seçilməsini mən də məqsədə uyğun və ümumiyyətlə, düzgün saymıram.































































































