"Tək hakimiyyət deyil, hər bir vətəndaş ən pis hallara hazırlıqlı olmalıdır..."

Hazırda oxunan: "Tək hakimiyyət deyil, hər bir vətəndaş ən pis hallara hazırlıqlı olmalıdır..."

129761
Birinci Qarabağ müharibəsi bitəndən - 1994-cü ildən bu günə qədər yenidən böyük müharibənin başlayacağı bu qədər real olmamışdır. Buna görə də tək hakimiyyət deyil, hər bir vətəndaş baş verə biləcək ən pis hallara hazırlıqlı olmalıdır. Bu gün sosial şəbəkələrin sürətli inkişaf etdiyi dövrdə bu daha önəmlidir. 

Belə bir həssas məqamda, Birinci Qarabağ savaşında minlərlə gəncin ölümünə baiskar olmuş, bu gün özünü müxalifət cərgəsinə sırımaq istəyən "ura patriotlar"ın ("vətənşüvənlər"in) pafoslu çıxışlarına diqqətlə yanaşılmalıdır. Dünyadakı, xüsusilə bölgəmizdəki olduqca təhlükəli geopolitik durumda iqtidar müxalifət münasibətləri arxa plana keçməli və Dövlətimizin gələcəyi hamını, birinci növbədə hakimiyyəti narahat etməlidir.

Bu gün sosial şəbəkələrdə cəbhədə baş verənlərlə bağlı bir neçə məqama diqqət yetirmək istəyirəm. Paylaşdığımız hər bir məlumat ölçülü-biçili və tam dəqiq olmalıdır. Son hadisələrlə bağlı paylaşılan bəzi məlumatlar ümumiyyətlə yolverilməzdir. Xüsusilə, filan rayonun filan kəndləri boşaldılıb, filan kəndlərdən əhali təcili köçürülüb və s. 

Bu məqam rəhmətlik Çingiz Mustafayevin çəkdiyi bəzi kadları göz önünə gətirir. Məhz yalan şayiələr nəticəsində bəzi kənd və rayonlarımız layiqli müqavimət göstərilmədən boşaldıldı, insanlar müdafiə mövqeyi tutmaq əvəzinə qoyun-quzunu tutub qaçdılar. 

Müharibənin bizim tərəfimizdən başlanılması, saxta düşmən itkisi barədə məlumatların yayılmasının da bizim ziyanımıza olmasını diqqətdə saxlamalıyıq. Bu dönəmdə "hakimiyyət bilə-bilə balalarımızı qırğına verir" kimi ifadələrin insanlarda ancaq ruh düşkünlüyü yaratdığını unutmamalıyıq və hamı dövlətçilik naminə umu-küsünü müvəqqəti də olsa kənara qoyub ümumi düşmənə qarşı birləşməlidir. Hər birimiz, xüsusilə hakimiyyət ölkədə milli barışıq yaratmağa çalışmalıdır.

Aslan İsmayılov, tanınmış hüquqşunas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin